gulshanalizada tərəfindən göndərildi | Fevral 22, 2013

Heydər Əliyev və Azərbaycan dili

Heydər Əliyev və Azərbaycan dili

                                  Bir millətin, xalqın varını, dövlətini əlindən alsan,
                                                                            o millət ölməz, yaşayar.
                         Ancaq ana dilini əlindən alsan, həmin millət məhv olar,
                                                                      ondan əsər-əlamət qalmaz. 
                                                                                   Konstantin Uşinski

Babalarımızdan bizə üç yadigar qalmışdır: dilimiz, qeyrətimiz, vətənimiz. Xalqın dili onun ruhudur, xalqın ruhu isə onun dilidir. Tarix boyunca Azərbaycanın bir çox mütəfəkkir şəxsiyyətləri Azərbaycan dilinə – doğma ana dilimizə sahib çıxmağa onu qoruyub saxlayıb gələcək nəsillərə çatdırmağa çalışmışdır. Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsi müstəqil dövlətçiliyimizin başlıca əlamətlərindən biri sayılır. Azərbaycan dilinin dövrümüzədək gəlib çatmasında və hal-hazırda dövlət dili olaraq işlədilməsində bir çox şəxsiyyətlərin – XVI əsrdə Azərbaycan dilini dövlət dilinə çevirmiş Şah İsmayıl Xətainin;  dilimizin ilk elmi qrammatikasını yazmış Mirzə Kazım bəyin; ruslaşdırma siyasətinin aparıldığı, Azərbaycan dilinin sıxışdırıldığı, ana dilli məktəblərin, mətbuat orqanlarının açılmasına mane olduğu bir dövrdə ana dilində mətbuatın yaradılmasına səy göstərmiş Həsən bəy Zərdabinin;  “Molla Nəsrəddin” jurnalında bir neçə nəfərin bir azərbaycanlını yerə yıxaraq onun ağzına zorla özgə dillər soxmağa çalışdığını göstərən şəkil çap edib altına isə “Ay qardaşlar mən dilsiz yaranmamışam. Öz dilim var. Niyə ağzımada öz dilim ola-ola özgə dilləri soxursunuz ağzıma?” yazısını çap etdirmiş, eynilə ana dilə olan münasibətdən bəhs edən “Anamın kitabı” adlı əsəri yazmış Cəlil Məmmədquluzadənin; 1918-ci il 27 iyun fərmanı ilə Azərbaycan dilini dövlət dili elan etmiş Azərbaycan Xalq Cümhuriyyəti qurucularının; doğma dilini hər şeydən uca tutub “Türk-Azərbaycan dilinin müxtəsər səhf-nəhvi” adlı əsəri yazmış Nəriman Nərimanovun xidmətləri danılmazdır.

Azərbaycanlıyam

XX əsrin 60-cı illərinin sonlarından bəri Azərbaycan dilinə layiqincə qiymət vermiş, səlis nitqi ilə öz ana dilinə bağlılığını, sevgisini nümayiş etdirmiş ümummilli lider Heydər Əliyevin də xidmətləri əvəzsizdir. Bildiyimiz kimi XX əsrin 70-ci illərinədək sovet respublikalarında o cümlədən Azərbaycanda da bilinqvizim – ikidillilik məcburi şəkildə tətbiq edilirdi. Dövlət idarələrində rus dilindən geniş istifadə edilirdi ki, bu da milli dilin dövlət dili kimi inkişafına ciddi əngəl törədirdi. Lakin “belə olmuşdur, ancaq həmişə belə olmamalıdır” mövqeyi tutmuş Heydər Əliyev ölçüb-biçilmiş və hərtərəfli milli dil siyasəti yeridirdi. Azərbaycan dilinə münasibətin kəskinləşdiyi bir dövrdə Heydər Əliyev Azərbaycan dilinin məişət dilindən və ədəbi dil səviyyəsindən dövlət dili səviyyəsinə qaldırmağa çalışmışdır. Heydər Əliyev dilçilik elminə Azərbaycan dilinin problemlərinin öyrənilməsinə, onun mükəmməl qrammatikasının yaradılmasına və milli terminalogiyanın inkişafına xüsusi qayğı göstərirdi. Onun iştirakı və dəstəyi ilə Azərbaycan dilçilərinin əsərləri, o cümlədən dördcildlik “Müasir Azərbaycan dili” kitabı Respublika Dövlət mükafatına layiq görülmüşdür. Türk dillərini müqayisəli şəkildə öyrənmək üçün Azərbaycan Elmlər Akademiyası SSRİ Elmlər Akademiyası ilə birgə 1970-ci ildə Bakıda “Sovet Türkologiyası” jurnalını nəşr etdirməyə başladı. Sovet Respublikaları arasında ilk dəfə olaraq Azərbaycan Dövlət Universitetində türkologiya kafedrası yaradıldı. Azərbaycan həmçinin Milli Elmlər Akademiyasının tərkibində ayrıca Dilçilik İnstitutu olan tək-tük sovet respublikalarından biri idi. Heydər Əliyevin ana dilimizlə bağlı qızğın fəaliyyətinin nəticəsində 1978-ci il aprelin 21-də qəbul edilmiş Azərbaycan Konstitusiyasına Azərbaycan dilinin Azərbaycan SSR-nin dövlət dili olduğu barədə məşhur 73-cü maddənin daxil edilməsinə nail olundu. Həmin dövrdə Azərbaycan milli dilə Konstitusiya qanunu səviyyəsində dövlət statusu vermiş üç keçmiş sovet respublikalarından biri və yeganə türk müsəlman respublikası idi. Şübhəsiz ki, bu uzaq görən tarixi addım Heydər Əliyevin ana dilinə münasibətinin və siyasi əzmkarlığının parlaq təzahürü idi. Ulu öndər o günləri belə xatırladığını bildirirdi: “Bu maddə Moskvada böyük etiraza səbəb oldu. Ancaq o vaxt mən Sovetlər İttifaqının rəhbərliyi ilə, Komunist Partiyasının rəhbərliyi ilə çox gərgin danışıqlar apardım. Sübut etməyə çalışdım ki, biz dövlət dilinin Azərbaycan dili olduğunu öz Konstitusiyamıza yazmalıyıq və yazacağıq”.

Azərbaycanımız SSRİ-nin tərkibindən çıxıb müstəqil olduqdan sonra da ulu öndərin Azərbaycan dilinə diqqəti, qayğısı əskilməmişdir. Ümummilli liderimiz Heydər Əliyevin sədrliyi ilə 33 nəfərdən ibarət komissiya Azərbaycan Respublikasının Konstitusiyasının layihəsini hazırlayarkən  layihəyə Azərbaycan dilinin dövlət dili olması ilə bağlı 21-ci maddəni daxil etdi. Konstitusiya layihəsi ümumxalq müzakirəsindən sonra 1995-ci il noyabrın 12-də keçirilən Azərbaycan Respublikası Referendumunda qəbul edilmiş və noyabrın 27-də qüvvəyə minmişdir. Beləliklə, dünyada geniş yayılmış “Azərbaycan dili” anlayışının qanuni haqqı özünə qaytarıldı.

Gülşən Əlizadə


Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Kateqoriyalar

%d bloqqer bunu bəyənir: