gulshanalizada tərəfindən göndərildi | Oktyabr 10, 2014

Qarabağ Azərbaycanın ən qədim yaşayış məskənidir

Qarabağ Azərbaycanın ən qədim yaşayış məskənidir

Dağlıq Qarabağ — Azərbaycan Respublikasının qərb bölgəsidir. Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Qarabağ Azərbaycanın ən qədim tarixi vilayətlərindən biridir. Qarabağın adı Azərbaycan dilindəki “qara” və “bağ” sözlərindən əmələ gəlmişdir. “Qara” və “bağ” söz birləşməsi Azərbaycan xalqının özü qədər qədim tarixə malikdir. Azərbaycan xalqının öz doğma torpağının bir parçasına verdiyi “Qarabağ” sözü ilk mənbələrdə hələ 1300 il bundan əvvəl (VII əsrdən bəri) işlənmişdir. Qarabağ əvvəllər bir tarixi coğrafi anlayış kimi konkret məkanı bildirmiş, sonra isə Azərbaycanın geniş coğrafi ərazisinə aid edilmişdir.

“Qarabağ”ın Azərbaycanın konkret bir vilayətinin, bir bölgəsinin adı kimi formalaşması tarixi onun etimologiyasının daha elmi şəkildə izahına imkan verir. Çünki Azərbaycan dilində (həmçinin başqa türk dillərində) “qara”nın rəngdən başqa “sıx”, “qalın”, “böyük”, “tünd” və başqa mənaları da vardır. Bu baxımdan, “Qarabağ” termini “qara bağ”, yəni “böyük bağ”, “sıx bağ”, “qalın bağ”, “səfalı bağ” və s. mənası kəsb edir.

Qarabağın ərazisi haqqında vaxtilə Qarabağ xanlığının vəziri olmuş Mirzə Camal Cavanşir “Qarabağ tarixi” (1847) əsərində yazırdı: “Qədim tarix kitablarının yazdığına görə Qarabağ vilayətinin sərhədləri belədir: cənub tərəfdən Xudafərin körpüsündən Sınıq körpüyə qədər – Araz çayıdır. Şimal tərəfdən Qarabağın Yelizavetpolla sərhədi Kür çayına qədər – Goran çayıdır və Kür çayı çox yerdən (keçib) Araz çayına çatır. Şərq tərəfdən Kür çayıdır ki, Cavad kəndində Araz çayına qovuşaraq gedib Xəzər dənizinə tökülür. Qərb tərəfdən Küşbək, Salvartı və Ərikli adlanan uca Qarabağ dağlarıdır”.

Azərbaycanın tarixi ərazisi olan Qarabağ ümumiyyətlə dünyanın da ən qədim tarixə malik olan diyarlarındandır. Bu ərazidəki Azıx mağarasında ən qədim insanların yaşayış məskəni aşkar edilmişdir. Bu yaşayış məskəni Azərbaycanın, o cümlədən Qarabağın, Aralıq dənizi hövzəsi və Şərqi Afrika ilə birlikdə insanlığın ilk vətənlərindən biri olduğunu sübut edir.

             Azıx mağarası  azıx m.
1968-ci ildə Azıx mağarasının aşel təbəqəsindən Azıx adamı – azıxantrop adlandırılan insanın çənə sümüyü tapılmışdır. Azıx adamının 350-400 min il əvvəl yaşadığı güman olunur. Qarabağda Mustye mədəniyyəti daha çox Tağlar mağarası ilə təmsil olunmuşdur. Eneolit (e.ə.VI-IV minilliklər), tunc və ilk dəmir dövrlərində (e.ə. IV minilliyin sonu – I minilliyin əvvəli) Qarabağın həyatında böyük dəyişikliklər baş vermişdi. Son tunc və ilk dəmir dövrü (e.ə. XIII-VII əsrlər) Xocalı-Gədəbəy mədəniyyəti adı almışdır. Bu dövrə aid Xocalı qəbiristanlığı arxeoloji abidəsindən üstündə Aşşur (Assuriya) hökmdarı Adadnirariyə aid mixi yazı olan əqiq muncuq tapılmışdır. Bu tip tapıntılar bölgənin Yaxın Şərqlə iqtisadi və mədəni əlaqələrini təsdiq edir.  Təsərrüfat və mədəni həyatın inkişafı ilə yanaşı, etno-siyasi proseslər də davam edir. Azərbaycanın cənubunda qüdrətli Manna dövləti (e.ə. IX-VI əsrlər) meydana gəlir. Bu dövrdə, nəinki Qarabağda, ümumiyyətlə, Cənubi Qafqazda (Zaqafqaziyada) erməni etnosu yox idi. Makedoniyalı İsgəndər (e.ə.356-323) Əhəməni dövlətini dağıtdıqdan sonra Azərbaycanın şimalında siyasi proseslər yeni mərhələyə qədəm qoydu. Onun ölümü ilə imperiyası parçalandıqda Azərbaycanın cənubunda Atropatena, şimalında isə Albaniya dövlətləri yarandı. E.ə. IV əsrdə və sonralar Atropatena Azərbaycanın şimalında da ərazilərə malik idi və bu zaman Qarabağ ərazisinə daxil olan torpaqların bir hissəsi həmin Azərbaycan dövlətinə tabe idi. Atropatena ilə eyni zamanda yaranmış Albaniya dövləti təxminən e.ə. IV – e. VIII əsrlərdə mövcud olaraq, 1200 ilə yaxın dövr ərzində Azərbaycan tarixində böyük rol oynadı. Albaniya sərhədlərini genişləndirərək bütün Qarabağ ərazisini əhatə edirdi və bu vilayəti öz tərkibində qoruyub saxlamaq üçün misilsiz mübarizə apararaq, bəzi istisnalarla buna nail ola bilirdi. Qarabağ tarixi – etnoqrafik əyalət kimi əvvəlcə Qafqaz Albaniyası dövlətinin tərkibinə daxil olmuşdur.


Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Kateqoriyalar

%d bloqqer bunu bəyənir: