gulshanalizada tərəfindən göndərildi | Noyabr 20, 2014

Arsax-Xaçın knyazlığı

Arsax-Xaçın knyazlığı

XII-XIII əsrlər Arsax-Xaçın knyazlığının yüksəliş dövrü oldu. Qədim Albaniyanın bir hissəsi olan bu knyazlığın mərkəzi Xaçınçayın və qismən Tərtər çayının hövzələrində yerləşirdi. Alban Mehranilər sülaləsinin nümayəndələrindən, xələflərindən biri Həsən Cəlal (1215-1261) bu knyazlığın hökmdarı idi. Həsən Cəlalın Mehranilər sülaləsinə mənsub olduğunu təsdiqləyən dəqiq şəcərələr də mövcuddur. Beləliklə, Xaçın knyazlığının hökmdarı olmuş  Həsən Cəlalın vaxtilə hökmranlıq etmiş  alban Mehranilər sülaləsi ilə həm bilavasitə genetik (qohumluq) əlaqəsi, həm də böyük bir dövr ərzində – VII əsrdən XIII əsrədək alban hökmdarının siyasi hakimiyyətinin varisliyi izlənməkdədir. Həsən Cəlal Xaçın və qismən Arranın suveren knyazı olub, gürcü çarlığından asılı deyildi. Bu Arsax-Xaçın hökmdarı erməni, gürcü və fars sinxron (eyni dövrə aid olan) mənbələrdə, habelə epiqrafik yazılarda ali titullarla qeyd olunmuş, “knyazlar knyazı”, “əzəmətli, parlaq hökmdar”, “Xaçın ölkələrinin knyazı”, “Xaçının və Arsax ölkələrinin əzəmətli knyazı”, “çar”, “Albaniya çarı”, “Albaniyanın əzəmətli sahibi”, “tacdar” adlandırılmışdır. Həsən Cəlal özünü “mütləq hökmdar” titulu ilə nəzərə çatdırırdı. Qanzasar məbədinin daşüstü yazısında oxuyuruq: “Arsax ölkəsinin və Xaçın hüdudlarının təbii mütləq hökmdarı”. Bu hökmdarın ən təmtəraqlı titulu Qanzasar monastırında, 1240-cı ildə tərtib olunmuş  daşüstü yazıda göstərilmişdir: “Mən, Allahın müti qulu, Vaxtanqın oğlu, əzəmətli Həsənin nəvəsi, geniş əraziləri olan yüksək və böyük Arsax ölkəsinin təbii mütləq hökmdarı Həsən Cəlal…”. 

Şübhəsizdir ki, Həsən Cəlalın həmin tarixi mərhələnin nüfuzlu hakim sülalələri ilə qohumluq əlaqələri Xaçın-Arsax hökmdarının yüksək mövqeyini səciyyələndirir. Həsən Cəlalın hökmranlıq illərini Albaniyanın iqtisadi, siyasi və mədəni intibahı dövrü kimi qiymətləndirmək mümkündür. Bu yüksəliş ədəbiyyatda, mülki tikintidə, memarlıqda, sitayiş qurğularının yaradılmasında öz əksini tapmışdı. Gəncəli Kirakos məhz bu zaman özünün “Tarix” əsərini yazmışdı. Öz hakimiyyətinin böyük alban Mehraniləri ilə varislik əlaqəsini sübut etməyə canatan, alban hökmdarının hakimiyyətinin fasiləsizliyini qeyd etməyə çalışan Həsən Cəlalın göstərişi ilə Moisey Kalankatlının “Albanların tarixi” əsərinin (salnaməsinin) yazılışı davam etdirildi, salnaməyə dörd yeni fəsil əlavə olundu. Həmin fəsillərdə Həsən Cəlalın hökmranlıq illəri, onun hakimiyyəti dövründə Qanzasar kompleksinin tikintisi öz əksini tapmışdır. Bu əməllə alban tarixi-ədəbi ənənəsi dirçəldildi.

Həsən Cəlal bir çox ölkələrin əsrlər ərzində yaradılmış maddi-mənəvi dəyərlərini tarix səhnəsindən çıxarmış monqollarla yaxşı münasibətlər qura bilmiş, monqol xanlarının alban xalqına müsbət münasibət bəsləməsini təmin etmişdi. Alban xalqı ağır tarixi sınaqlar dövründə etnik özünüdərkini qoruyub saxlaya bildi (özlərini erməni deyil, alban hesab edirdilər), Nax-Dağıstan dil qrupuna aid olan alban dilini, ərazi, siyasi və dini vəhdətini mühafizə etdi.

Arsax-Xaçın knyazlığının əhalisi XII-XIII əsrlərdə müxtəlif tipli yazılı abidələri alban və qədim erməni dillərində yaradırdı (qədim Albaniyanın düzənlik hissəsinin əhalisi də vaxtilə arran-alban, türk, fars və ərəb dillərində ünsiyyətdə olmuş, yazılı abidələr yaratmışdır). Bununla belə, yerli alban mədəniyyətinin ənənəvi komponentləri (IX-XIV əsrlərin alban xaç başdaşılarındakı dünyəvi süjetlər, il hesabının bənzəri olmayan, erməni il hesabından fərqlənən kiçik alban təqvimi) hələ də fəaliyyət göstərirdi.

Qanzasar monastır kompleksi Həsən Cəlalın təkidi ilə inşa edilmişdir. Qanzasar monastırının qədim hissələri Həsən Cəlalın hakimiyyəti zamanından xeyli əvvəl mövcud idi və Xaçın hakimləri olmuş Cəlairilərin nəsli məzarlığı kimi fəaliyyət göstərmişdir. Həsən Cəlalın özü 1261-ci ildə burada dəfn edilmişdir. Qanzasar baş kilsəsi 1216-cı ildən 1238-ci ilədək alban patriarx katolikosu Nersesin məsləhəti və Həsən Cəlalın göstərişi ilə tikilmişdir. Hökmdar özü bu kilsəni “Albaniyanın (Ermənistanın yox. – məsul red.) taxt-tac kilsəsi” adlandırırdı. Kilsədə olan daşüstü yazıda bildirilir ki, bu kilsə albanlar üçün inşa edilmişdir. Bu kilsədə cəmi 84 daşüstü yazı mövcuddur. Hazırda Dağlıq Qarabağda, Ağdərə rayonunun Vəngli kəndində yerləşən Qanzasar monastır kompleksi orta çağların alban memarlığının incisidir və erməni memarlığında həmin abidənin bənzəri yoxdur.

Həsən Cəlalın yaşadığı dövr Qafqaz tarixində zənginliyi ilə fərqlənir. Həmin tarixi dövrü bir sıra həməsr tarixçilər ətraflı təsvir etmişlər. Onlardan bəzisi (məsələn, Gəncəli Kirakos) həmin dövrdə baş vermiş hadisələrdə yaxından iştirak etmişdir.

1227-ci ildə və yaxud bir qədər sonra Cəlaləddin Məngburnunun vəziri Şərəf əl-Mülk tələb olunan vergiləri yığaraq Xaçın qalasına yaxınlaşdı. Həsən Cəlal bu qalada qərar tutmuşdu. O, 20 min dinar ödəmək və əsirləri azad etməklə yaxasını qurtara bildi. 1236-cı ildə bir çox knyazların sırasında Həsən Cəlal da monqollara itaətini bildirdi. İtaət edəcəklərini bildirmiş hakimlərin mülklərinə toxunulmadı. Müəyyən müddət ərzində onlardan vergi alınmadı. Tezliklə monqolların Xaçın üzərinə amansız yürüşü başlandı. Hətta alınmaz qalalar belə monqolların güclü təzyiqi və atəşi qarşısında davam gətirə bilmədi. “Torpaq həlak olmuş adamların meyitləri ilə örtülmüşdü, qan su yerinə axırdı, heç kəsə aman verilmirdi, sümük qalaqları bu hadisədən sonra uzun müddət ərzində daşlardan əmələ gəlmiş dağları xatırladırdı”.

Monqolların yürüşündən xəbər tutan Həsən öz vilayətinin sakinləri ilə birlikdə Koxanaberd qalasına sığındı. Monqollar qalanı mühasirəyə aldılar və qalanın çətinliklə ələ keçiriləcəyini anlayaraq mühasirədə olanlarla danışıqlara başladılar. Monqollar “əlavə ərazilərlə birgə Xaçın hökmdarına onun ölkəsini təqdim etdilər”. Həsən Cəlal nəhayətsiz vergilər verməyin labüdlüyünü irəlicədən başa düşərək tez-tez onun ölkəsinə gələcək monqol çaparlarının qəbul olunması üçün müəyyən hazırlıq tədbirləri gördü, monqolları hər bir şeylə bolluca təchiz etdi və öz təbəələrinin canını qurtardı. Güman etmək olar ki, Cormağunun oğlu Bora Nainin Həsənin qızı Ruzukanla evlənməsi əhvalatı həmin zamanla bağlıdır. Bu dövr ərzində Həsən Cəlal monqol Ali baş komandanlığının etibarını qazana bilmişdi və ona müəyyən qədər təsir göstərmək iqtidarında idi. Lakin bütün bunlar Həsən Cəlala qarşıdakı ağır sınaqlardan yaxa qurtarmaqda yardım etmədi.

Sonralar Cəlalın həyatında fəlakətli rol oynamış Arqunun və Buqayın başçılığı ilə monqol vergiyığanları gəldilər. Buqay bütün alban zadəganlarının iştirakı ilə Həsəni bir çox cəzalara məruz qoydu, onun alınmaz qalalarını dağıtdırdı. Həsən yalnız Buqaya xeyli qızıl və gümüş verdikdən sonra ondan yaxasını qurtara bildi.

Nəhayət, Həsən Cəlal özü üçün qüdrətli himayəçi tapmağa müvəffəq oldu. Qızıl Orda xanı Batının oğlu, xristian Sartak tezliklə öz həmdinlərinin müdafiəçisinə çevrildi. Həsən Cəlalın irsi mülkləri olan “Cəraberd, Akana və Qarqar onun özünə qaytarıldı”. Xaçın hökmdarı alban katolikosu Nerses üçün mühüm imtiyazlar almağa nail oldu. Cəlalın Sartakla əlaqəsi alban hökmdarının vəfatınadək davam etdi.

Arqunun məkrli əməlləri Həsən Cəlalı uzaq səyahətə çıxmağa – Ali monqol xaqanı Munkenin sarayına getməyə vadar etdi. 1255-ci ildə – Batı xanın vəfatı ilində Sartak Munkenin sarayına getdi. Bu zaman Həsən Cəlal öz arvadı və oğlu ilə birgə Qızıl Ordada idi. Həsən fürsətdən istifadə etməyi qərara aldı və Sartakla birlikdə Monqolustana yollandı. Munke Həsən Cəlalın knyazlıq etməsi, mülkə sahib olması haqqında fərman verdi.

Arqun Monqolustana çağırıldı, ağır ittihamnamə ilə məhkəməyə verildi. 1256-cı ildə Arqunla yaxşı münasibətlərdə olan Smbat Orbelian Munkenin sarayına səfəri zamanı Arqunu azad etdirə bildi. Nəticədə Arquna qarşı düşmən münasibətdə olan iki hakim edam olundu, keçmiş müttəhim isə əvvəlki səlahiyyətləri ilə Qafqaza qayıtdı. Həsən Cəlal yalnız beş ildən sonra vətəninə dönə bildi. Lakin tezliklə o, Arqun tərəfindən ələ keçirildi və dözülməz işgəncələrə məruz qaldı. Həsənin qızı Ruzukan atasını xilas etmək üçün “böyük və şərəfli hökmdar, xristianların ümidi və pənahgahı olan” Hülakünün arvadı Doquz xatunun yanına getməyə tələsdi (Hülakünün arvadı xristian idi). Bundan xəbər tutan Arqun Həsəni gecə ikən öldürmək üçün sərəncam verdi. Həsən Cəlalı oynaqlarından hissə-hissə doğradılar. Həsən Cəlalın oğlu Atabəy qətlə yetirilmiş atasının cəsədinin hissələrini almağa və Qanzasara aparmağa müvəffəq oldu. Həsən Cəlalın cəsədi 1261-ci ildə Qanzasardakı nəsli məzarlıqda torpağa tapşırıldı. Təqribən bütün sonrakı alban katolikosları və Həsən Cəlal nəslinin nümayəndələri Qanzasarda dəfn olunmuşlar. Bunu məzar lövhələri üzərindəki yazılar təsdiqləyir.

XV əsrdə alban Həsən Cəlalın nəsli (Cəlalilər) Qaraqoyunlu Cahanşahdan “məlik” titulu aldı. Sonralar Cəlalilər nəsli beş muxtar alban feodal knyazlığına – məlikliyinə parçalandı (Gülüstan, Cəraberd, Xaçın, Vərəndə, Dizaq məliklikləri). “Məlik” titulu soyadlarına əlavə edilirdi (Məlik-Yeqanov, Məlik-Şahnazarov və s.). İslamı qəbul etmiş bu soyadlar Azərbaycan soyadları hesab edilirdi. Əlamətdardır ki, məlikliklər yalnız Qarabağ üçün səciyyəvidir, yəni bu siyasi qurumlar əzəldən Qarabağda meydana gəlmişdir. Sonralar  XVII-XIX əsrlərdə məliklərə İrəvanda, Sünikdə, Şəkidə də təsadüf olunur ki, bu da şübhəsiz, həmin məliklərin miqrasiyası ilə bağlıdır. Erməni tarixşünaslığında dəfələrlə, həqiqətin əksinə olaraq, məliklik institutunu “erməni gerçəkliyi” üçün səciyyəvi hadisə kimi qələmə vermək cəhdləri olmuşdur. Azərbaycan, habelə erməni feodal nəsillərinin tədqiqi sübut edir ki, Kiçik Asiya və İrandakı erməni mühitində məliklər mövcud olmamışdır. Bu siyasi qurumlar yalnız son orta çağlarda Xaçın vilayətində yaşamış alban feodal nəsilləri üçün xasdır. Özü də həmin nəsillər Həsən Cəlal nəsli ilə, daha qədimlərdə isə alban Mehranilər və alban Arşakilər sülalələri ilə bağlıdır. Erməni tarixçiləri məliklərin erməni mənşəli olduqlarını sübut etməyə çalışaraq, XVII-XIX əsrlərdə İrəvandan, Sünikdən və Qafandan olan məlik nəsillərini nümunə kimi irəli sürürlər. Lakin məlumdur ki, bu məliklərin hamısı Arsaxdan – Qarabağdan çıxmışlar. Məlik istilahına gəldikdə isə qeyd olunmalıdır ki, bu istilah Qaraqoyunlu hərbi-köçəri əyanlarının ictimai-hüquqi normalarının doğurduğu nəticələrdən biridir. Erməni gerçəkliyi üçün işxan, tanuter, paron istilahları səciyyəvidir. Aydın şəkildə görünür ki, XV əsrdə alban feodal əyanları məlik istilahını, məlik institutunu xüsusi məqsədlə qəbul etmişdilər və bu hal onların özlərini ermənilərdən fərqləndirmək istəyinin nəticəsi olmuşdur.

Əlamətdardır ki, Həsən Cəlal nəsli XV əsrədək Xaçında dünyəvi hakimiyyətə malik olmuş, XV əsrdən (nəslin beş məlikliyə parçalanmasından) sonra isə bu nəslin nümayəndələri Qanzasarda yerləşən Alban avtokefal (müstəqil) apostol kilsəsinin patriarx-katolikosları vəzifələrini yerinə yetirmişlər. Yəni onlar bu zamandan etibarən – 1836-cı ildə Alban kilsəsinin ləğv olunmasınadək Arsax-Xaçın knyazlığının ruhani rəhbərlərinə çevrilmişdilər. Beləliklə, IX-XV əsrlərdə Xaçın knyazlığı alban xristian əhalisinin mühüm siyasi, mədəni-mənəvi mərkəzi olmuşdur. Bu əhali özünün ərazi, siyasi, dini vəhdətini, alban özünüdərkini qoruyub saxlaya bilmişdi. İ.P.Petruşevskinin haqlı qeyd etdiyi kimi, “Qarabağ (Arsax) heç bir zaman erməni mədəniyyəti mərkəzlərinə mənsub olmamışdır”   .


Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Kateqoriyalar

%d bloqqer bunu bəyənir: