Azərbaycan

Odlar Yurdu – Azərbaycan

“Azərbaycan” adının etimologiyası: Azərbaycan sözünün mənşəyi ilə bağlı müxtəlif fikirlər mövcuddur. Ən çox səsləndirilən fikirlər bunlardır: 

1. Azərbaycan coğrafi addır. Bu ad eramızdan bir neçə min il əvvəl bu ərazidə yaşamış, atəşpərəst əhalinin adı ilə bağlıdır. Yerli əhali tanrılarının atəş, od olduğuna inanır, ona sitayiş edirdilər. “Azər” – od, atəş deməkdir.

2. Azərbaycan sözü türk mənşəli “Azər” sözündəndir. “Azər” sözü iki hissədən ibarətdir: “az” və “ər”. Türk dillərində “az”ın yaxşı niyyət, uğurlu tale kimi anlamları var. “Azər” – yəni “ər kişi”, “ər oğlu”, “od qoruyan” deməkdir. Deməli  “Azərbaycan” sözü burada yaşamış qədim Türk boyları olan, “azər boyu” (az/xəz-ər) və “azər boyları” adından əmələ gəlib.

3. Azərbaycan sözü qədim asların adından qaynaqlanır və “Asər yurdu” deməkdir.

4. Əhəmənilər İmperiyasında qubernatorluq etmiş və Böyük İskəndər tərəfindən fəthindən sonra vəzifəsinə davam etmiş Atropatın adından qaynaqlanır. Atropatın adına istinadən bu bölgəyə Atropatena adı verilmişdir və Azərbaycanın adı buradan qaynaqlanmışdır.

5. Digər bir görüşə görə isə Azərbaycan sözü o bölgədə böyük bir dövlət qurmuş olan və Xəzər gölünə də adını verən Xəzərlərin (Kazar, Kuzar, Xazar) adından qaynaqlanır.

Dövlətin rəsmi adı: Azərbaycan Respublikası

Azərbaycanın dövlət quruluşu: Azərbaycan demokratik, hüquqi, dünyəvi, unitar respublikadır. Etnik türk və müsəlman çoxluğuna sahib ölkədir. Ölkədə qanunvericilik hakimiyyətini həyata keçirən orqan Milli Məclis, icra hakimiyyətini həyata keçirən Prezident, Məhkəmə hakimiyyətini həyata keçirən orqan Azərbaycan Respublikasının məhkəmələridir.

Azərbaycanın dövlət dili: Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Bütün sənədləşmələr birmənalı olaraq dövlət dilində aparılır. İstifadə olunan işlək dillər rus, ingilis, və türk dilləridir. Hazırda Azərbaycanda latın qrafikası əsasında yaradılmış Azərbaycan əlifbasından istifadə edilir. Azərbaycan əlifbası 32 hərfdən ibarətdir.

Azərbaycan Respublikasının dövlət rəmzləri: Azərbaycan Respublikasının Dövlət Bayrağı, Azərbaycan Respublikasının Dövlət Gerbi və Azərbaycan Respublikasının Dövlət Himnidir.

Azərbaycan Respublikasının Dövlət bayrağı — Azərbaycan Respublikasının Dövlət BayrağıAzərbaycan dövlətinin suverenliyinin rəmzidir. Azərbaycan Respublikasının dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq göy, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.

Mavi rəng  Azərbaycan xalqının türk mənşəli olmasını, türkçülük ideyası ilə bağlıdır. Türklərin göy rəngə üstünlük verməsi ilə bağlı müxtəlif izahlar da mövcuddur. Orta əsrlərdə islam dinində olan türkdilli xalqların yaşadığı ərazilərdə saysız-hesabsız qədim abidələr də tikilib və bu abidələrin əksəriyyəti göy rəngdə olub. Bu baxımdan göy rəng həm də simvolik məna daşıyır. Göy rəng həm də XIII əsrdə Elxanilər dövrünün əzəmətini, onların zəfər yürüşlərini əks etdirir.

Qırmızı rəng  müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək, bir sözlə müasirləşməni, inkişafı istəyini ifadə edir. Məlum olduğu kimi XVIII əsrin sonlarında Fransa Burjua inqilabından sonra kapitalizmin inkişafı ilə bağlı Avropa ölkələrində böyük irəliləyişlər baş verib. Həmin dövrdə proletariatın kapitalizm quruluşuna qarşı mübarizəsi olub. Bu illərdə qırmızı rəng Avropanın simvoluna çevrilirdi. Əli bəy Hüseynzadə yazırdı: “Avropalaşalım, firəngləşəlim deyirsiniz. Lakin ey qare (ey oxucu), müraciətdən müraciətə fərq vardır. Biz avropalıların ədəbiyyatına, sənayelərinə, ümum və maariflərinə, kəşfiyyat və ixtiralarına müraciət etmək istəyiriz, özlərinə degil! Biz istəriz ki, islam ölkəsinə onların beyinləri, dimaqları girsin!” Qırmızı rəngin üzərində ortada aypara və səkkizguşəli ulduzun təsviri verilib.

Yaşıl rəng – islam sivilizasiyasına, islam dininə mənsubluğu ifadə edir.

Bayrağımızın üzərindəki ay-ulduzun mənası nədir? Bayrağın üzərindəki aypara və səkkizguşəli ulduzun mənaları barədə müxtəlif fikirlər var. Tarixçi Cəbi Bəhramov: “Bayrağın üzərindəki aypara türk xalqlarının simvoludur”, – deyə bildirir. Səkkizguşəli ulduzun mənasına gəlincə bu, “Azərbaycan” sözünün əski əlifbada yazılışı ilə bağlıdır. Belə ki, əski əlifbada “Azərbaycan” sözü səkkiz hərflə yazılır. Səkkizguşəli ulduzun mənasını AMEA-nın dissertantı Akif Məmmədli belə açıqlayıb: “Rəsulzadə dövlətin prinsiplərini müəyyənləşdirərkən 8 prinsipə əsaslanıb: bunlar türkçülük, islamçılıq, çağdaşlıq, dövlətçilik, demokratiklik, bərabərlik, azərbaycançılıq və mədəniyyətlilikdir”.

Azərbaycan Respublikasının Dövlət Gerbi — Azərbaycan Respublikasının Dövlət GerbiAzərbaycan dövlətinin müstəqilliyin rəmzidir. Dövlət gerbi palıd budaqlarından və sünbüllərdən ibarət qövsün üzərində yerləşən şərq qalxanının təsvirindən ibarətdir. Qalxanın üstündə Azərbaycan Respublikasının Dövlət bayrağının rəngləri fonunda səkkizguşəli ulduz, ulduzun mərkəzində alov təsviri vardır. Azərbaycan Respublikası Dövlət gerbinin rəngli təsvirində ulduz ağ, alov qırmızı, palıd budaqları yaşıl, sünbüllər sarı rəngdədir. Qalxanın və ulduzun sağanaqları, habelə qalxanın düymələri və palıd qozaları qızılıdır.

Dünya heraldika sənətində dövlət gerblərinin qalxan üzərində verilməsi təcrübəsi geniş yayılıb. Qalxandan dünya xalqları min illər boyu müdafiə, eləcə də milli simvolların nümayiş etdirilməsi məqsədilə istifadə edib. Bu da bəllidir ki, Şərq xalqlarında qalxan milli döyüş alətlərindən biri olub, qəhrəmanlıq simvoludur. Qərbdəkilərdən fərqli olaraq, şərq qalxanı dairəvi formadadır. Dövlət gerbinin həmin qalxan üzərində təsvir edilməsi Azərbaycanın Şərq dövləti olduğunu, millətin Şərq sivilizasiyasına mənsubluğunu, xalqın şərqliliyini bildirməyə xidmət edir. Qalxanın içərisindəki dairəvi mavi, qırmızı və yaşıl rəng çalarları Azərbaycan bayrağında ifadə olunan türklüyü, müasirliyi və islamlığı təcəssüm etdirir. Qalxanın ortasında yerləşən səkkizguşəli ulduz günəşin simvoludur. Günəş (eləcə də, Ay) dünya heraldika sənətində «əbədi, daimi, sonsuz həyat» mənasındadır. Günəş simvolunun ağ rənglə verilməsi isə «əmin-amanlıq, sülhsevərlik, barış» mənalarını verir. Günəşin mərkəzində alov təsviri “Odlar Yurdu”nu – Azərbaycanı simvolizə edir. Ümumiyyətlə, alov gerbşünaslıqda tərəqqi, inkişaf rəmzi sayılır. Bu simvolda qədim azərbaycanlılarda mövcud olmuş atəşpərəstlik, eləcə də oda sitayişlə bağlı milli (“Novruz” bayramında oda münasibət) ənənələr də nəzərə alınmışdır.

Azərbaycan Respublikasının Dövlət Himni — 1992-ci il mayın 27-də parlament ” Azərbaycan Respublikasının Dövlət himni haqqında” Qanun qəbul etdi. Qanuna əsasən, 1919-cu ildə bəstəkar Üzeyir Hacıbəyov və şair Əhməd Cavad tərəfindən tərtib edilmiş “Azərbaycan marşı” Azərbaycan Respublikasının Dövlət himni kimi təsdiq edildi. 

Yerləşdiyi yer və ərazisi: Azərbaycan Respublikası Avropa və Asiyanın qovşağında, Cənubi Qafqazın şərq hissəsində, Xəzər dənizinin qərb sahilində yerləşir. Azərbaycan Respublikasının ərazisi 86,6 min km2 -dir. Paytaxtı Bakı şəhəridir.Azərbaycanın xəritəsi Sərhədlərinin ümumi uzunluğu 3489 kilometrdir. Bunun 825 kilometri su sərhəddidir. Dövlət sərhədləri – cənubdan İran İslam Respublikası (İİR) ilə 765 km, qərbdən Türkiyə Respublikası ilə 13 km (bəzi məlumatlarda 13 və ya 11 km), Şimaldan Rusiya Federasiyası (RF) (Dağıstan) ilə 391 km, şimali-qərbdən Gürcüstan Respublikası  ilə 471 km, qərbdən Ermənistan Respublikası ilə 1027 km,  şərqdən Xəzər dənizi vasitəsi ilə Qazaxıstan və Türkmənistan Respublikaları ilə həmsərhəddir.

Dağlıq Qarabağ: Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisi (Şuşa, Xankəndi, Xocalı, Əsgəran, Xocavənd, Ağdərə) və onun ətrafındakı 7 inzibati rayonu – Laçın, Kəlbəcər, Ağdam (rayon mərkəzi və ərazisinin böyük hissəsi), Cəbrayıl, Füzuli (rayon mərkəzi və ərazisinin böyük bir hissəsi), Qubadlı, Zəngilan 1989-1993-cü illərdə Ermənistan tərəfindən işğal olunmuşdur. Hal-hazırda Füzuli rayonunun Horadiz qəsəbəsindən başlayaraq Zəngilan rayonunun sərhədlərinədək uzanan 198 km Azərbaycan-İran və 360 km Azərbaycan-Ermənistan – cəmi 558 km dövlət sərhədləri Ermənistan tərəfindən pozulub və indi də onun tam nəzarəti altındadır.erməni terroru Beləliklə, Ermənistan Respublikasının hərbi təcavüzü nəticəsində Azərbaycan ərazilərinin 20 faizi işğal edilmiş, 20 mindən çox insan qətlə yetirilmiş, 50 mindən artıq adam yaralanmış və şikəst olmuşdur. Bir milyondan artıq insan 20 ilə yaxındır ki, qaçqın və məcburi köçkün şəraitində yaşayaraq Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırım siyasətinin qurbanı olmuş, elementar insan haqlarından məhrum edilmişdir. İşğal nəticəsində 900-dən artıq yaşayış məntəqəsi talan edilmiş, yandırılmış və dağıdılmış, 6 min sənaye, kənd təsərrüfatı müəssisəsi və digər obyektlər məhv edilmiş, ümumi yaşayış sahəsi 9 mln m2-dən artıq olan 150 min yaşayış binası dağıdılmış, 4366 sosial mədəni obyekt, eyni zamanda 695 tibb ocağı məhv edilmişdir. Hərbi təcavüz zamanı ələ keçirilmiş Azərbaycan ərazilərində 927 kitabxana, 464 tarixi abidə və muzey, 100-dən çox arxeoloji abidə, 6 dövlət teatrı və konsert studiyası dağıdılmışdır. Talan edilmiş muzeylərdən 40 mindən çox qiymətli əşya və nadir eksponat oğurlanmışdır. İşğal edilmiş ərazilərdə kənd təsərrüfatı sahəsi, su təsərrüfatı, hidrotexniki qurğular, bütün nəqliyyat və kommunikasiya xətləri tam sıradan çıxarılmışdır.

1988-1993-cü illərdə işğal edilmiş Azərbaycan əraziləri:

Dağlıq Qarabağ (Şuşa, Xankəndi, Xocalı, Əsgəran, Xocavənd, Ağdərə): işğal tarixi – 1988-1993-cü illər, ərazisi 4400 kv km.

Laçın rayonu: işğal tarixi – 17 may 1992-ci il, ərazisi – 1875 kv km;

Kəlbəcər rayonu: işğal tarixi – 2 aprel 1993-cü il, ərazisi – 1936 kv km

Ağdam rayonu: işğal tarixi – 23 iyul 1993-cü il, ərazisi – 1154 kv km;

Cəbrayıl rayonu: işğal tarixi – 23 avqust 1993-cü il, ərazisi – 1050 kv km;

Füzuli rayonu: işğal tarixi – 23 avqust 1993-cü il, ərazisi – 1139 kv km;

Qubadlı rayonu: işğal tarixi – 31 avqust 1993-cü il, ərazisi – 826 kv km;

Zəngilan rayonu: işğal tarixi – 30 oktyabr 1993-cü il, ərazisi – 707 kv km.

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələrində Azərbaycan Respublikasının ərazi bütövlüyünün tanınmasına və işğal olunmuş Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad edilməsi tələblərinə baxmayaraq, Ermənistan Respublikası bu gün də işğalçılıq siyasətini davam etdirir. 

Əhalisi: 2012-ci il yanvar ayına olan rəsmi məlumata əsasən Azərbaycan əhalisinin sayı 9,235,000 nəfər olmuşdur. 2009-cu il siyahıya alınması məlumatlarına əsasən Azərbaycan Respublikasının əhalisinin 91,6 %-ni azərbaycanlılar, 2,0 %-ni ləzgilər, 1,3 %-ni ruslar, 1,3 %-ni talışlar, 1,3 %-ni ermənilər, 2,5 %-ni isə digər etnik qruplar təşkil edir. Azərbaycanda ermənilərin az qala hamısı, Ermənistan tərəfindən işğal edilən Azərbaycan ərazilərində (Dağlıq Qarabağ və ona bitişik rayonlar) məskunlaşmışdır.

Azərbaycanda din: Azərbaycan Respublikasında hakim din islamdır. Azərbaycan əhalisinin 96%-i müsəlmandır. Digər dinlər bunlardır: xristianlıq və iudaizm. Xristianların əksəriyyəti rus pravoslav və gürcü pravoslav kilsəsinə məxsusdur. Yəhudilərin çoxu dağ yəhudiləri və əşkinazi yəhudiləridir.

Azərbaycanın iqlimi: Azərbaycanın iqliminə ölkənin coğrafi mövqeyi, relyefi və Xəzər dənizi əsaslı təsir göstərir. Burada yarımsəhra və quru çöl, subtropik, mülayim və soyuq iqlimə rast gəlinir. Yer kürəsindəki 11 iqlim tipindən 9-nun burada olduğu müəyyən edilmişdir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: