Azərgüşnasp məbədi

Azərgüşnasp məbədi Azərgüşnasp məbədinin xarabalıqlarının gölün qarşı sahilindən görünüşü

Azərgüşnasp məbədi — Atropatenanın Qazaka şəhərində yerləşən və zərdüştiliyin əsas məbədlərindən biri olan tarixi abidə. Uzun müddət öz əhəmiyyətini saxlayan məbəd, Bizans imperatoru İraklinin Azərbaycana yürüşü zamanı (623-624) dağıdılaraq qarət edilmişdir. Qazaka şəhərində aparılan arxeoloji qazıntılar zamanı məbədin xarabalıqları aşkar edilmişdir.

Dini əhəmiyyəti:  X əsrin səyyahı Məsər ibn Möhləhilə görə: “Qazakada olan atəşgah əhali arasında müqəddəs sayılmış, Şərqdə və Qərbdə olan atəşpərəstlər öz odlarını buranın odundan alışdırmışdır. Atəşgahın gümbəzində gümüş hilal yapışdırılmışdır. Bir neçə hakimin həmin hilalı qoparması cəhdi baş tutmamışdır. Güman edildiyinə görə bu tilsimdir”. Müəllifin yazdığına görə heyrətləndirici cəhət atəşgahın odunun 700 il müddətində fasiləsiz yanması və külünün olmamasıdır.

İran tarixçisi İ.Purdavud qeyd edir ki, Avestanın bir nüsxəsi də Azərgüşnasp məbədində saxlanılmışdır. O, Dinkorda istinad edərək belə bir fikri irəli sürür: “Şübhəsiz, Avestanın bir nüsxəsi Azərbaycanın Şiz (Qazaka) şəhərində olan məşhur Azərgüşnasp məbədində, digər nüsxəsi isə Təxte Cəmşiddə (Persepalis) olan dövlət arxivində saxlanılırdı”.

Xurda Avestada göstərilir ki, Əsnund dağında yerləşən Azərgüşnasp məbədi hərbiçilərə məxsusdur. Bu səbəbdən dəAtropatenada olan cəngaavərlər igid və qorxmazdırlar. Bəhmənqalada olan Azərgüşnasp Keyxosrov tərəfindən bərpa edilmişdir.

Firdovsi Şahnaməsində 61 yerdə Azərgüşnasp məbədinin adını çəkir. Bu fakt özü belə həmin atəşgahın əhəmiyyətini göstərən amildir.

Məsudi Azərgüşnasp məbədini belə təsvir edir: “Gözəl və heyrətli binaların qalıqlarında göyün,ulduzların və abad yerlərin, bitki və heyvanat aləminin surətləri aydın görünməkdədir. Azərgüşnasp atəşgahı şahlar arasında dərin hörmətə malikdir. Ona görə də onlar atəşgahı ziyarət etmək üçün bura piyada gəlirlər.”

Ərdəşir həmin atəşgahı təmir etdirmişdir. V Bəhram türk xaqanının (Ağ hun xaqanı) tacını və çoxlu miqdarda daş-qaşını atəşgaha vermişdir. Xosrov da buraya çoxlu qiymətli hədiyyələr bağışlamışdı.

Tarixi: Sasanilər dövrü mənbələrindən biri olan “Karnameyi Ərdəşire Papakan”da həmin dövrün üç adlı-sanlı atəşgahı haqında məlumat verilir. Bu atəşgahlar Azərgüşnasp, Azərfərinbuğ və Azərbərzinmehr məbədləridir. Hər üç məbəd müxtəlif silklərə – hərbiçilərə, kahinlərə və əkinçilərə aid olmuşdur. Bunların tikilməsi tarixini Əhəmənilərdən əvvəlki dövrlərə aid edirlər. Bəzi müəlliflər isə Azərgüşnasp məbədinin tarixini əfsanəvi hökmdar olan Keyxosrovla əlaqələndirirlər. Ümumiyyətlə bütün pəhləvi dilli mənbələrdə Azərgüşnasp məbədi haqqında məlumatlara rast gəlinir.

Dinkordun VII kiatbının müqəddiməsində deyilir: “Şahlıq məqamı Siyavəxşin (Siyavuşun) oğlu Keyxosrova çatdı. O, əzəmətilə cadugər, Turanlı Əfrasiyab (Alp Ər Tunqa) və onun pis niyyətli hökmdarlarına qalib gəldi. Bundan sonra Kərsivəz və onun dünyanı idarə edən qoşunlarına qalib gəlmək üçün qorxunc Çiçest gölü (Urmiya gölü) yaxınlığındakı bütgədəni uçurdu. Gördüyü xeyirxah işlərin qarşılığında cah-cəlallı taxtda oturub, əbədi olaraq qiyamətə qədər gizli surətdə onu mühafizə edəcəkdir.”

Pəhləvi dilində yazılmış “Minokexurd”da deyilir: “Keyxosrovun ən görkəmli işlərindən biri Çiçəst gölü yaxınlığındakı bütxananı viran edib Gəncək qalasını (Şiz qalası) bərpa etməsidir. Qadir yaradıcı gələcəkdə ona kömək edəcəkdir.”

Dağıdılması: İraklinin şəhərdəki əzəmətli binaları, o cümlədən Azərgüşnasp məbədini qarət etməsindən sonra şəhər əvvəlki əhəmiyyətini itirmişdir. Erməni dilli tarixçilər Favstos Buzand vəAnaniya Şiraklı və erməni tarixçisi Sebeosun yazdığına görə İrakli Naxçıvanı tutduqdan sonra Qazaka şəhərinə gəlib orda olan Azərgüşnasp (ermənidilli mənbələrdə Vəşnəsp) məbədini dağıtmışdır.

Bizans tarixçisi Mitenli Feofana (750-817) görə Kiçik Asiyada Lidiya şahı Krzesin xəzinəsinə oxşar Azərgüşnasp məbədinin külli miqdarda olan var dövləti bizanslılar tərəfindən qarət edilmişdir.

Tədqiqi: 1937-ci ildə aparılan arxeoloji qazıntılar zamanı divar qalıqları aşkar olunmuş, burdan Parfiya və hətta ondan əvvəlki dövrə aid məlumatlar əldə edilmişdir.

Qazaka şəhəri və Azərgüşnasp məbədinin tarixinin müəyyənləşdirilməsində Ələkbər Sərəfraz və M.Kayeni tərəfindən yazılmış “Taxte-Süleyman” adlı kitabın böyük elmi dəyəri var. Burada deyilir: “İran və Almaniya arxeoloqlarının 8 il müddətində apardıqları axtarışlar nəticəsində mühüm tarixi əhəmiyyətə malik olan Azərgüşnasp məbədinin taleyi həll edilmiş oldu.”  Müəlliflərə görə Təxti Süleymanın əhəmiyyəti iki səbəbə görə diqqəti cəlb edir. Tarixi və coğrafi məlumatlara görə Qazaka şəhəri Azərbaycanın əzəmətli paytaxtı olmuşdur. Məşhur Azərgüşnasp məbədi bu şəhərdə yerləşirdi. 

Qədim dövr tarixi ilə məşğul olan bir sıra tədqiqatçılar şəhərin yerini müəyyənləşdirməyə çalışarkən müəyyən səhvlərə də yol vermişlər. Bəzilərinə görə atəşgah Urmiya gölü yaxınlığında (V.MinorskiV.  və Markvart), bəzilərinə görə Şiz (Qazaka) şəhərində, bəzilərinə görə isə Təxti Süleymanda yerləşirdi. Lakin Təxti Süleymanda aparılan arxeoloji qazıntılar bütün bu mübahisələrə son qoymuş və sübut etmişdir ki, Təxti Süleyman qədim Qazaka (Şiz) şəhəridir və Azərgüşnasp məbədi də buradadır. Beləliklə vaxtilə burada olmuş Raulinson, Yusti, Cekson, Fundrasten və Numenin Azərgüşnasp məbədinin Təxti Süleyman xarabalıqları arasında olması fikri bir daha təsdiqlənmiş oldu.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: