Şeirlər

Azərbaycan

Azərbaycan haqqında şeirlər

Azərbaycan

Müəllif: Səməd Vurğun

El bilir ki, sən mənimsən, 
Yurdum, yuvam, məskənimsən, 
Anam doğma vətənimsən! 
Ayrılarmı könül candan? 
Azərbaycan, Azərbaycan! 

Mən bir uşaq, sən bir ana, 
Odur ki, bağlıyam sana, 
Hanki səmtə, hanki yana 
Hey uçsam da yuvam sənsən, 
Elim, günüm, obam sənsən!

Çox keçmişəm bu dağlardan, 
Durna gözlü bulaqlardan! 
Eşitmişəm uzaqlardan 
Sakit axan arazları, 
Sınamışam dostu, yarı…

Fəqət səndən gen düşəndə, 
Ayrılıq məndən düşəndə, 
Saçlarıma dən düşəndə. 
Boğar aylar, illər məni, 
Qınamasın ellər məni. 

Dağlarının başı qardır, 
Ağ örpəyin buludlardır. 
Böyük bir keçmişin vardır. 
Bilinməyir yaşın sənin, 
Nələr çəkmiş başın sənin. 

Düşdün uğursuz dillərə, 
Nəs aylara, nəs illərə. 
Nəsillərdən nəsillərə, 
Keçən bir şöhrətin vardır. 
Oğlun, qızın bəxtiyardır… 

Hey baxıram bu düzlərə, 
Ala gözlü gündüzlərə. 
Qara xal ağ üzlərə, 
Könül istər şeir yaza; 
Gəncləşirəm yaza-yaza… 

Ölməz könül, ölməz əsər, 
Nizamilər, Fizulilər 
Əlin qələm, sinəm dəftər, 
De gəlsin hər nəyin vardır. 
Deyilən söz yadigardır.

Azərbaycan deyəndə

Müəllif: Tofiq Bayram

Vətən mənim bu günüm, 
Sabahkı toy-düyünüm. 
Haqqım var ki, öyünüm 
Azərbaycan deyəndə. 
Ürəklərdə döyünüm, 
Azərbaycan deyəndə. 

“Hər ölkəyə, hər elə, 
Olsun hörmət”, deyirəm. 
“Vətənindir, vətənin, 
İlk məhəbbət”, deyirəm. 
“Onun şöhrət tacıdır, 
Şe’r-sənət” deyirəm. 
Mən vətənə, “Füzuli, 
Abbas Səhhət” deyirəm! 
Mən vətənə, “Sabiri 
Doğan qeyrət”, deyirəm! 
Mən vətənə, “Üzeyir, 
Müşfiq, Səməd”, deyirəm! 
“Günəş kimi müqəddəs 
Bir həqiqət”, deyirəm, 
Azərbaycan deyəndə. 
“Dünya məni dinləsin, 
– Diqqət, diqqət!”, 
deyirəm. 
Azərbaycan deyəndə!

Azərbaycan deyəndə, 
Ləpələr şairləşir. 
Anaların bətnində, 
Qara gözlü körpələr 
Pələngləşir şirləşir. 
Azərbaycan deyəndə, 
Müdrik qocalar kimi 
Dağlar da fikirləşir. 
Azərbaycan deyəndə 
“Haralısan?” sualı, 
Verənlərə ar olur. 
Qeyrətlilər birləşir, 
Qeyrətsizlər xar olur 
Azərbaycan deyəndə! 

Dostdan sovqat, muştuluq, 
Düşməndən bac alaram, 
Azərbaycan deyəndə! 
İşıq sütunu kimi 
Sabaha ucalaram, 
Azərbaycan deyəndə! 
Körpüləri, səddləri 
Sinəmlə parçalaram. 
Sərhəd məftillərində, 
Bu kobud əllərimlə 
Bir muğamat çalaram, 
Azərbaycan deyəndə!

Azərbaycan! – Bu nida 
Qayaları silkələr. 
Sal daşların köksündə 
Çiçək bitər, gül bitər. 
Azərbaycan deyəndə, 
Təbim coşar, sel gələr, 
Sanma şöhrət pərdəsi, 
Ürəyimi kölgələr, 
Azərbaycan deyəndə. 
Gözümdə doğmalaşar 
Bütün xalqlar, ölkələr, 
Azərbaycan deyəndə!

Azərbaycanım 

Müəllif: Solmaz Şirin

Sən mənə anasan, anamdan əziz,
Sənə məhəbbətim dənizdir, dəniz.
Ömrümün bir anı keçməsin sənsiz,
Ey mənim varlığım, qəlbim, vicdanım,
Mən sənə qurbanam, Azərbaycanım!

De, nemət varmıdır səndə olmayan?
Sərvətdən, qüdrətdən yoğrulub mayan.
Sönməz bir məşəlsən, Şərqə nur yayan,
“Qara qızıl”ındır damarda qanım,
Eşqinlə dolanır, Azərbaycanım!

Vurulur bir dəfə hüsnünə baxan,
Göy Göllə, Kəpəzlə bəzənib yaxan.
Füzuli şerini oxuyanda Xan,
Dünyaya yayılır sözüm, dastanım,
Sən də ucalırsan, Azərbaycanım!

Azərbaycan

Müəllif: Balaş Azəroğlu

Əziz Azərbaycan, ey gözəl diyar,
Anamın mehriban qucağı sənsən.
Könül tərlan’ının uçub qonduğu,
Onun çox sevdiyi budağı sənsən.

Sənsən düşündüyüm sənsən andığım,
Mən bu dünyada arxalandığım.
Yetər alışdığım, yetər yandığım,
Şirin qəlbimin sorağı sənsən.

Qoy açsın könlümü sözlərim mənim,
Səndən nəcat umur gözlərim mənim.
Hələ əyilməyib dizlərim mənim,
Çünkü o dizlərin dayağı sənsən.
Desəmdə vurğunam divanə sanma,
Mən ki, öz oğlunam biganə sanma.
Bir şəmsiz, atəşsiz, pərvanə sanma,
Yandığım odların ocağı sənsən.

Qoy bilsin ey vətən bu alçaq yağı,
Solmaz baxçamızın yaşıl yarpağı.
Sən Babək yurdusan, Azər torpağı,
Aslanlar oylağı, Yatağı sənsən. 

Azərbaycan – dünyam mənim

Müəllif: Məmməd Araz

Azərbaycan – qayalarda bitən bir çiçək,
Azərbaycan – çiçəklərin içində qaya.
Mənim könlüm bu torpağı vəsf eləyərək,
Azərbaycan dünyasından baxar dünyaya.

Azərbaycan – mayası nur, qayəsi nur ki…
Hər daşından alov dilli ox ola bilər.
“Azərbaycan!” – deyiləndə ayağa dur ki,
Füzulinin ürəyinə toxuna bilər.

Oğulları Kür gəzdirər biləklərində,
Oğulların göz atəşi gözəl əridir.
Azərbaycan səhərinin bəbəklərində
Qütb ulduzu, dan ulduzu gözəlləridir.

İllər olub – kürrələrdə dəmir olmuşuq,
Sərhədlərdə dayanmışıq küləkdən ayıq.
Od gölündə, buz çölündə gəmi olmuşuq,
Biz Bakının ilk səadət carçılarıyıq.

Min illərlə zülmətlərə yollar açıqdı,
Dalğalandı Sabirlərin ümman dünyası,
Azərbaycan qatarı da yollara çıxdı
Dağılanda Qoca Şərqin duman dünyası.

Azərbaycan – mayası nur, qayəsi nur ki…
Hər daşından alov dilli ox ola bilər.
“Azərbaycan!” deyiləndə ayağa dur ki,
Ana yurdun ürəyinə toxuna bilər.

Ayağa dur, Azərbaycan!

Müəllif: Məmməd Araz

Nə yatmısan, qoca vulkan, səninləyəm!
Ayağa dur, Azərbaycan, səninləyəm!
Səndən qeyri biz hər şeyi bölə billik!
Səndən qeyri biz hamımız ölə billik!
Bu, Şəhriyar harayıdı,
Bu, Bəxtiyar harayıdı!
Hanı sənin tufan yıxan,
Gurşad boğan yurda oğul
                              oğulların! 
Qara Çoban, Dəli Domrul oğulların.
Çək sinənə-qayaları yamaq elə,
Haqq yolunu ayağına dolaq elə,
Bayrağını Xəzər boyda bayraq elə,
Enməzliyə qalxmış olan bayrağını!
Azərbaycan, Azərbaycan,

Azərbaycan bayrağını!

Ayağa dur, Azərbaycan!
Bunu bizə zaman deyir,
Məzarından baş qaldıran baban deyir!
Nər oğlu nər, səninləyəm!
Səninləyəm, silah tutan,
Külüng tutan, yaba tutan,
Kösöy tutan, nişanlı ər, səninləyəm!
Səninləyəm, qız atası,
Hanı nərən, hanı səsin!
Hanı andın!
Yoxsa sən də yatmışlara, batmışlara,
Qeyrətini satmışlara xırdalandın!!!
Gözünü sil, Vətən oğlu, ayağa qalx!
Üfüqünə bir yaxşı bax.
Sərhəddinə bir yaxşı bax.
Sərhəddinin kəməndinə  bir yaxşı bax!
Dur, içindən qorxunu boğ,
Ölümünlə, qalımını ayırd elə.
Dur, içindən qorxağı qov,
Dur, özünü Bozqurd elə!
Bir səsindən min səs dinər, 
Neçə-neçə daşa dönmüş dinməz dinər!
Oddan bitər, qandan bitər əyilməzlər!
Mərd oğullar-mərdliyilə öyünməzlər!
Torpaq altda ölümlüyə gömülməzlər.
Varım, yoxum, səninləyəm,
Azım, çoxum, səninləyəm,
Şirin yuxum, səninləyəm.
Yıxın məni söz atından,
Atın məni tank altına.
Əzin məni xıncım-xıncım,
Kəsmir əgər söz qılıncım,
Didin məni didim-didim,
Atın məni tank altına.
Qundaqdakı bir körpəni xilas edim.
Neçə “səni”, neçə “məni” xilas edim.
Səninləyəm,
Sözü qəmli, özü dəmli rəhbər adam!
1918-də vuruşurdu,
Danışmırdı rəncbər atan, rəncbər atam!
Səninləyəm, haqq-ədalət, səninləyəm,
Milli qürur, milli qeyrət, səninləyəm!
Səpil quma, göyər yerdə, bit qayada,
Gizli nifrət, açıq nifrət, səninləyəm,
Oyat bizi, ey yaradan, səninləyəm!
Ya bilmərrə yatırt bizi,
Ya bilmərrə oyat bizi,
Ya yenidən yarat bizi,
Ey yaradan, səninləyəm,
Səninləyəm, yatmış vulkan,
Səninləyəm!
Ayağa dur, Azərbaycan,
                               Səninləyəm!

Azərbaycan

Müəllif: Məhəmməd Hüseyn Şəhriyar

Könlüm quşu qanad çalmaz, sənsiz bir an, Azərbaycan
Xoş günlərin getməz müdam xəyalımdan Azərbaycan
Səndən uzaq düşsəm də mən eşqin ilə yaşayıram
Yaralanmış qəlbim kimi, qəlbi viran Azərbaycan

Bütün dünya bilir sənin qüdrətinlə, dövlətinlə
Abad olub, azad olub, mülkü-İran, Azərbaycan
Bisütuni-İnqilabda Şirin-Vətən üçin Fərhad
Külüng vurmuş öz başına zaman-zaman Azərbaycan

Vətən eşqi məktəbində can verməyi öyrənmişik
Ustadımız demiş heçdir vətənsiz can, Azərbaycan
Qurtarmaqçün zalımların əlindən Rəy şümşadını
Öz şümşadın başdan-başa olub al qan, Azərbaycan

Yarəb, nədir bir bu qədər ürəkləri qan etməyin
Qolu bağlı qalacaqdır nə vaxtacan Azərbaycan
İgidlərin İran üçün şəhid olmuş, əvəzində
Dərd almısan, qəm almısan sən İrandan, Azərbaycan

Evladların nə vaxtadək tərki-vətən olacaqdır
Əl-ələ ver, üsyan eylə, oyan oyan Azərbaycan
Yetər fəraq odlarından kül ələndi başımıza
Dur ayağa, Ya azad ol, ya tamam yan, Azərbaycan

Şəhriyarın ürəyi də səninki tək yaralıdır
Azadlıqdır sənə məlhəm, mənə dərman, Azərbaycan

Azərbaycan

Müəllif: Nəriman Həsənzadə

Od ürəkli , od nəfəsli diyarımsan
Ocağına canım qurban , Azərbaycan !
Əzilsən də , əyilməyən vüqarımsan
Bu çağına canım qurban , Azərbaycan !

Savaşlardan alnıaçıq çıxan zaman
Tarixlərə bağışladın neçə qurban.
Hər qonşuda bir parçası əsir qalan
Torpağına canım qurban , Azərbaycan !

Neçə gizli sərvət yatır qucağında ,
Neçə ölkə od aparır ocağından .
Azadlığın al rəmzi var bayrağında
Bayrağına canım qurban , Azərbaycan !

Hər uğurun gələcəyə bir yol açır ,
Hər dost elə xoş niyyətin işıq saçır .
Hər millətə , hər məzhəbə isti , açıq
Qucağına canım qurban , Azərbaycan !

Başım üstdə məğrur-məğrur dalğalanan
Bayrağına canım qurban , Azərbaycan !
Ruhuma büt , cismim üçün vətən olan
Torpağına canım qurban , Azərbaycan !

Azərbaycan

Müəllif: Nəriman Həsənzadə

Sən əbədi bir ocaqsan, Azərbaycan!

Yaşadıqca yanacaqsan, Azərbaycan!

Beşiyin bir ana qoynu,

Doğma, isti bir qucaqsan, Azərbaycan!

Ruhum mənim, laylam mənim, Azərbaycan!

Bu dünyada dünyam mənim, Azərbaycan!

Bu dağ mənim, o dağ mənim vətənimdi,

Tüstülənən ocaq mənim vətənimdi.

Sərhəd-sərhəd bölübdülər,

Bölünməyən torpaq mənim vətənimdi.

Sən mənimsən, mən də sənin, Azərbaycan!

Övladıyıq bir vətənin, Azərbaycan!

Zaman! Səs ver, bu günlərin harayına,

Xan Arazın, Ana Kürün harayına.

Biz çatmasaq, kim çatacaq

Qaçqınların, köçkünlərin harayına?!

Sən arxasan, sən dayaqsan, Azərbaycan!

“Qalx”! – deyəndə, qalxacaqsan, Azərbaycan!

Gəmilərin göy Xəzərdə üzər keçər,

Şahinlərin səmalarda süzər keçər.

Körpülərin, binaların

paytaxtımı yollar boyu bəzər keçər.

Keçmək olmaz amma səndən, Azərbaycan!

İşıq alır dünya səndən, Azərbaycan!

Bir nəğməsən, oxuyuram bu torpaqda,

“Can!” – dedikcə can duyuram bu torpaqda –

Ey ilhamlı səhərlərim,

Sən ki varsan, mən də varam bu torpaqda.

Yellənəcək bayrağımız, Azərbaycan!..

Müqəddəsdi torpağımız, Azərbaycan!..

Azərbaycan

Müəllif: Nəriman Həsənzadə

Hər millətin, hər torpağın öz adı var, öz ünvanı,

Yağılara baş əyməyib Azərbaycan qəhrəmanı.

Vahid Vətən himnimizdi Şəhidlərin axan qanı,

Nəsillərə yadigardı, zaman yazdı bu dastanı.

Millətlərə hürriyyətdi, istiqlaldı şüarımız,

Azadlığı, səadəti qorumaqdı qərarımız.

Respublikam – ana torpaq, qədim Odalar diyarımız!

Yaşadıqca – vətənimiz, ölsək – şəhid məzarımız.

Üç rəngdədi bayrağımız, qalxan bayraq enən deyil,

Mərd oğullar dar ayaqda öz andından dönən deyil.

O vətən ki, tapdalanır ayaq altda, vətən deyil,

O torpaqda bağ becərsən, ot göyərib bitən deyil.

Ana Kürün, Xan Arazın böyümüşük laylasına,

Sərvətimiz ayna tutub göy Xəzərin aynasına.

Dünya baxsın – tarix olmuş Azərbaycan dünyasına,

Mübarizə zinət verir ömrün-günün mənasına.

Azərbaycanım mənim

Müəllif: Məmməd Rahim

Dünyada ölkələr var,
Biri-birindən qəşəng.
Doğma yurdum, şən diyar,
Çəmənlərin rəngbərəng.
Sən hər yerdən gözəlsən,
Bir işıqlı əməlsən.
Qoy dolanım başına,
Torpağına, daşına
Qurbandır canım mənim,
Azərbaycanım mənim.

Dünyanın çox çayı var,
Kim deyər ki, tayı var
Kürümün, Arazımın.
Baharımın, yazımın
Gülşəni Odlar eli.
Babəkin, Koroğlunun
Vətəni Odlar eli.
Sənin sahillərində
Xəyallara dalmışam,
Baxıb çinarlarına
Çinar tək ucalmışam.
Suların can dərmanı.
Qonaqcıllar içində
Sənin bənzərin hanı?
Dinim, imanım mənim,
Azərbaycanım mənim.

Dünyanın çox dağı var-
Əzəmətli, vüqarlı,
Yaxını, uzağı var,
Başı daima qarlı.
Zirvəsindən bir dəfə
Xəbər belə verən yox,
O yerlərə qalxmağa
Əsla yol göstərən yox.
Uca deyil gözümdə
Heç biri Şah dağımdan,
Öz ana torpağımdan
Qəşəng diyar bilmirəm,
Bəlkə də, var, bilmirəm.
Sənin əzəmətini 
Dünyada tək sanıram.
Vüqarını dağlardan
Daha yüksək sanıram.
Ölməz ad-sanım mənim,
Azərbaycanım mənim.

Doğma yurdum, de, sənin
Qucağında nə yoxdur?
Xəzinənə çatası
Zəngin xəzinə yoxdur.
Sənsən bu yer üzünün
Ən nadir məmləkəti.
Millətimin şöhrəti,
Arzum, gümanım mənim,
Azərbaycanım mənim.

Dünyanın dənizləri
Ümmanları az deyil,
O qədər gölləri var,
Üz qayıqla ilbəil.
Fəqət deyin hansı göl
Gözəldir Göy gölüm tək?
Hansı dənizdir qəşəng
Mənim Xəzərim kimi?
Sinəsində od yanıb
Deyin hansı şəhərin
Mənim şəhərim kimi.
Gül açmış qucağında
Arzum, hissim, niyyətim.
Get işıqlı günlərə,
Azad cümhuriyyətim,
Bu günündən sabahın
Daha da uğurludur.
Dünya bunu bilir ki,
Gələcəyin nurludur.
Mənə səadət dolu
Qızıl bir cam vermisən,
Gözəllikdən yazmağa
Bitməz ilham vermisən.
Vətən eşqini duyan,
Sözlərimi oxuyan
Bilir nədən gözəlsən.
Məndən ötrü nə üçün
Hər ölkədən gözəlsən,
Şöhrətim, şanım mənim,
Azərbaycanım mənim!

Azərbaycan!

Müəllif: Süleyman Rüstəm

Qanımdır, canımdır Azərbaycanım,
Adımdır, sanımdır Azərbaycanım!
Uğrunda canından keçənlər olub,
Əcəl şərbətini içənlər olub,
Gözəl dünyamızdan köçənlər olub.
Oğullar itirib Azərbaycanım,
İgidlər yetirib Azərbaycanım!

Sonsuz məhəbbəti ürəyimdədir,
Qüvvəti dizimdə, biləyimdədir,
Torpağının ətri çörəyimdədir,
Belə bir dünyadır Azərbaycanım,
Həmişə bahardır Azərbaycanım!

Vicdanı bir ləkə götürməz onun,
Bağçası bir qanqal bitirməz onun.
Övladı dostluğu itirməz onun,
Həyat nəfəslidir Azərbaycanım,
İnqilab səslidir Azərbaycanım!

Hüsnünü qoruyan gözüm var mənim,
Dağında, daşında izim var mənim,
Zəfər kitabında sözüm var mənim,
Bütün varlığımdır Azərbaycanım,
Bəxtiyarlığımdır Azərbaycanım!

Azərbaycan

Müəllif: Bəxtiyar Vahabzadə

Azərbaycan, adın oddur, özün – işıq, sözün- işıq.
Biz də sənin bu müqəddəs torpağından boy atmışıq,
Sənsən bizim bu dünyada məsləkimiz, amalımız,
Yolumuza işıq saçsın ulduzumuz, hilalımız.

Nəfəsimiz – ulu Qorqud dədəmizin öz nəfəsi,
Mahnımızda yaşar bizim babaların addım səsi.
Bu torpaqda, bu diyarda dünən vardıq, bu gün varıq,
Biz keçmişə güvəndikcə gələcəyə addımlarıq.

Vətən bizsiz də keçinər, keçinmərik biz Vətənsiz.
Bu məramla boy atmışıq Çənlibellər üstündə biz.
Şəhidlərin qanı ilə yoğrulubdur torpağımız,
Qəlbimizdə dalğalanır öz üç rəngli bayrağımız.

Qardaşlıqdır şüarımız, biz həmişə əl tutanıq,
Düşmən bizə əl uzatsa, düşmənliyi unudanıq.
Könlümüzdə bir vahiddir güneyimiz, quzeyimiz,
Vətən – bizim namusumuz, biz Vətənik, Vətən də biz.

Azərbaycanım

Müəllif: İslam Səfərli

Torpağın ətrini sinəmə çəkdim,
Dodağım gül açdı,
Ürəyim çiçək.
Xəzər sahilində min çiçək əkdim,
Söyüdlər nazlandı
Gülümsəyərək.
Dəniz mahnısını oxudu sanki
Ətəyi ləpəli,
Qırçınlı Bakı…
Kükrədi ilhamım, qaynadı qanım,
Azərbaycanım!

Ağ bir şərid kimi uzanıb gedir
Dumanlı, çiskinli,
Günəşli yollar.
Bəzisi həyatdan usanıb gedir,
Mənimsə yollarda
Hekayətim var.
El özü qoruyar axarlı şeri,
Dağlar quzey qarı
Sərində saxlar.
Bağrıma basmasam hər qarış yeri, Torpaq öz sirrini 
Dərində saxlar.
Aç söylə, qoy bir də alışım, yanım,
Azərbaycanım!

Meyvəli bağçalar, bəhrəli çöllər,
Ellərə can verib,
Min şərbət dadır.
Axarlı çaylaqlar, səfalı göllər,
Gümüş şəlalələr
Bu torpaqdadır.
Hərdən düşüncələr sarır insanı,
Çayüstü körpülər 
Asma yolumdur.
Bağrıma basmışam Azərbaycanı,
Araz bir qolumdur!
Kür bir qolumdur!
Əlvan naxışlısan, doğma məkanım,
Azərbaycanım!

Bu necə mənadır, bu necə hikmət,
Deyirlər ağlayır
Bulağın gözü.
Danışır təbiət- şair təbiət,
Qovağın dili var,
Çinarın sözü.
Mənim də boş yerə sözüm olmayıb,
Qəlbinə dəymədim
Əsla bir kəsin.
Özgə torpağında gözüm olmayıb,
Ana torpağıma 
Göz dikilməsin!
Əmr et! Keşiyində mətin dayanım,
Azərbaycanım!

Azərbaycan

Müəllif: Əcdər Ol

Mənim əziz Vətənim,
Ruhum, canım və tənim,
Qüdrətə bax adında!
Hikmətə bax adında!
Deyim nəsən? – Xəzinə!
Baxıb nurlu üzünə,
Aranına, dağına,
Gözəl Qarabağına,
Ad qoyub, «can» deyiblər,
«Azərbaycan» deyiblər!

Səni Vətən seçənlər,
Adına and içənlər,
Çinarına «xan» dedi.
Dağına «sultan» dedi.
Lap işi qan olan da,
Yolunda qurban dedi.
Canında can olan da,
Yarımcan da «can» dedi.
Mən də «can-can» deyirəm.
«Azərbaycan» deyirəm.
«Azərbay» deyilincə,
Düşmənlər də «can» deyər.
Dönük çıxıb, gözündən
Düşənlər də «can» deyər.
«Can» deyər qan-qan deyən,
Hər «Azərbaycan» deyən.
Dünyadan doymayan da,
Canına qıymayan da,
Tək sənə «can» deyəcək.
«Azərbaycan» deyəcək.

Mənim Azərbaycanım,
Adının da «can»ı var.
Könlümün nə qorxusu,
Nə də həyəcanı var.
Bilməyən bilə bilməz,
Bu Vətən ölə bilməz,
Niyə?
Nədən?
Nə üçün?
Çünki tükənməz gücün,
Hamı sənə «can» deyir,
«Can Azərbaycan» deyir.

Azərbaycan

Müəllif: Məmməd Hacızadə

O günəşdir işıq saçır
Saçacaqdır zaman-zaman
O başımın fərəh tacı
Elim, obam – Azərbaycan!

Bu cahanda o bir aləm,
O bir polad, o möhtəşəm,
Təbiəti dərdə məlhəm,
Suyum, havam – Azərbaycan!

Naxçıvandı, Lənkərandı,
Qubadlıdı, Zəngilandı,
Hər bir yanı Gülüstandı
Şəkim, Qubam – Azərbaycan!

Aşıqları sözlü, sazlı,
Nəğmələri xoş avazlı.
Toy, bayramdı bahar-yazı
İsti sobam – Azərbaycan!

Şəmkir, Qazax, Tovuz, Gəncə,
Həsrətimdir ulu Göyçə
Yolu mətin, yolu incə
Yurdum, yuvam – Azərbaycan!

Dağlarında duman çəndi
Saçlarıma düşən dəndi.
Viran qalmış yurd Vətəndi
Şuşa qalam – Azərbaycan!

Oğulları igid aslan
Əməlləri şanlı dastan.
Səndən ötrü keçib candan
Ulu babam – Azərbaycan!

O tarixdi daş qalalı
Bərəkətli gen tarlalı
Şirin, şəkər, bal laylalı
Mənim anam – Azərbaycan!

Əsir Azərbaycanım

Müəllif: Almaz İldırım

Hanı məni göl qoynunda doğuran,
Xəmirimi göz yaşıyla yoğuran,
Beşiyimdə “layla balam” çağıran…
Azərbaycan, mənim baxtsız anam oy…
Neçə ildir həsrətinlə yanam oy…

Xəbər alsam, Muğanımdan, Milimdən,
Nazlı Bakım, o neft qoxan gülümdən,
Kim demiş ki, düşmüş adın dilimdən,
Azərbaycan, mənim eşsiz yurdum oy,
Ölməz eşqim, içimdəki dərdim oy!..

Salam desəm, rüzgar alıb götürsə,
Ağrı dağından Alagözə ötürsə,
Gur səsimi göy Xəzərə yetirsə,
Xəzər coşub zəncirini qırsa oy…
Hökm etsə, bu sərsəm gediş dursa oy…

Könlümə tək Kə’bə etdim səni mən,
Sənsiz neylim qürbət eldə günü mən,
Sənsiz neylim Allahı mən, dini mən…
Azərbaycan, mənim tacım, taxtım oy…
Oyanmazmı kor olası baxtım oy…

İstiqlal marşı

Müəllif: Nəbi Xəzri

Göz açdığım qədim torpaq,
Dayağımsan sən dünyada.
Doğma anam, ey mehriban,
Ey qəhrəman, Azərbaycan!

Addım-addım qucağından
Odlu sellər çağlasa da,
Həsrət qaldın sən işığa,
Zaman-zaman, Azərbaycan!

Yadellilər damla-damla
Al qanını sordu sənin,
Kimlər sənin göz dikmədi
Torpağına, Azərbaycan!

Bayrağını endirdilər,
Ancaq özün əyilmədin,
Alqış bu gün o ucalan
Bayrağına, Azərbaycan!

Səhər kimi cavan sənsən,
Tarix kimi qoca sənsən.
Fatehləri diz çökdürən
Vüqarımsan, Azərbaycan!

Öz müqəddəs dağlarından
Günəş kimi uca sənsən,
Yer üzündə mənim Odlar
Diyarımsan, Azərbaycan.

Səhərlərin qoy açılsın,
Təzə nurlu bahar ilə,
Gələcəyə mərd addımla,
Uğurla get, Azərbaycan!

Şəhidlərin al qanından,
Lalə açmış yollar ilə,
İstiqlalın sabahına
Qürurla get, Azərbaycan!

Anam Azərbaycana!

Müəllif: Səidə Əliyeva

Geniş, barlı bağları,
Ağ çalmalı dağları,
Gur çeşməli bulaqları,
Yaraşıqdır, anam Azərbaycana!

Çölü, dağı, aranı,
Bol məhsullu tarlaları,
Zəhmətsevər insanları,
Yaraşıqdır, anam Azərbaycana!

Laçın, Şuşa, Ağdamı,
Gözü yolda Qarabağı,
Cıdır düzü, İsa bulağı,
Yaraşıqdır, anam Azərbaycana!

Mavi gözlü Xəzəri,
Bakı – Ceyhan kəməri,
Bakı gözəl şəhəri,
Yaraşıqdır, anam Azərbaycana!

İçərişəhər, Qız qalası,
Gəncə, Şəki, Şamaxısı,
Nabranı, Qubası, Qaxı,
Yaraşıqdır, anam Azərbaycana!

Dəli Kürü, xan Arazı,
Yazı, yayı, qışı, payızı.
Muğamı, seygahı, telli sazı,
Yaraşıqdır, anam Azərbaycana!

Vətəni Heydər babamın,
Bir cənnətdir Naxçıvanı,
Gözəl məkan Ordubadı,
Yaraşıqdır, anam Azərbaycana!

Mili, Muğanı, Şirvanı,
Daş kitablı Qobustanı,
Suqovuşan, Ceyranbatanı,
Yaraşıqdır, anam Azərbaycana!

vətənim Azərbaycan

Vətən haqqında şeirlər

Vətən

Müəllif: Abbas Səhhət

Könlümün sevgili məhbubu mənim,
Vətənimdir, vətənimdir, vətənim.

Məni xəlq eyləmiş əvvəlcə Xuda,
Sonra vermiş vətənim nəşvü-nüma.

Vətənim verdi mənə nanü-nəmək
Vətəni məncə unutmaq nə demək?!

Anadır hər kişiyə öz vətəni,
Bəsləyib sinəsi üstündə onu.

Südüdür ki, dolanib qanım olub,
O mənim sevgili cananım olub.

Saxlaram gözlərim üstə onu mən,
Ölərəm əldən əgər getsə vətən.

Vətənin neməti nisyan olmaz,
Naxələflər ona qurban olmaz.

Vətən əcdadımızın mədfənidir,
Vətən övladımızın məskənidir.

Vətənin sevməyən insan olmaz,
Olsa da ol şəxsdə vicdan olmaz!

Vətən əbədi qoruqdur…

Müəllif: Cabir Novruz

Vətəni sevmək azdır,
Onu qorumaq gərək.
Vətənim demək azdır,
Vətənin olmaq gərək.

Onun adi torpağı,
Ruhdan, candan irəli…
O, anandan qabaqdır,
O, atandan irəli…

Sərhədləri qız təki
Toxunulmaz, bakirə.
Hələ övlad deyil ki,
Hər doğulan sakini…

Övlad gərək vətənə,
Vətəndir yol, deyirlər…
Ona qurban gedənə
Əsl oğul deyirlər…

Sevməyirsə el səni,
Yox dərdinin çarəsi.
Onun dili, lisanı,
Ən basılmaz qalası…

Onun əvəzi olmur,
O hər kəsdən irəli.
Gözdən əzizi olmur,
Vətən gözdən irəli…

Adi quşcuğazın da
Ola Vətəni gərək.
Vətəni sevmək azdır,
O sevə səni gərək…

Nə vaxt viran olur o,
Zülmət gəzir üzündə:
Cığırını, yolunu
Yad çəkmələr əzəndə…

O nə zaman bölünər,
Nə vaxt çıxar əlindən?
Ləhcəsinə, dilinə
Yad ləhcələr girəndə…

O keçməz əldən-ələ,
O əbədi diləkdir.
Qara tikanı belə
Yenə Vətən deməkdir…

Fərqi yoxdur azca da;
Ya kiçik yalı getdi,
Ya bir quru ağacı,
Ya bir mahalı getdi…

O daimi namus, ar,
O əbədi qoruqdur.
Ürkək quş kimi uçar,
Onu əldən buraxdın…

Bilir ərlər, ərənlər,
Vətənə tay olmayır,
Ömürdən pay verərlər,
Vətəndən pay olmayır.

Ey vətən

Müəllif: Süleyman Rüstəm

Ey vətən! Torpağın əzizdir mənə,
Mən səndə tapmışam səadətimi.
Könüldən mahnılar qoşmuşam sənə,
Çevirib bayrağa məhəbbətimi.

Gözümü dünyada açanda ilkin
Anamı görmüşəm, səni görmüşəm.
Əhdinə vəfalı bir oğul təkin
Döyünən qəlbimi sənə vermişəm.

Şöhrətim ey vətən, şanım ey vətən
Sən mənim adımı ellərə yaydın.
Ürəyim ey vətən, canım ey vətən
Mən şair olmazdım, sən olmasaydın. 

Vətən! – desin!

Müəllif: Məmməd Araz

Bu gün gərək
Hər anımız Vətən! – desin!
Qılıncımız, qalxanımız
Vətən! – desin
Ölənlərin əvəzinə
Qalanımız Vətən! – desin.
Vətən! – desin
Qəlbimizin hər duyğusu,
hər vurğusu
Vətən! – desin.
Fərqi yoxdur, harda olaq,
Zamanımız, məkanımız
Vətən! – desin
Çox yatdıq, çox mürgülədik,
Qoca millət!
Mürgülədik: qoşa-qoşa
Dağlarımız oğurlandı.
Çaylarımız, göllərimiz
oğurlandı.
Düzlərimiz, çöllərimiz
oğurlandı.
Oğurlatdıq!
İndi saysaq saya sığmaz,
Daha nələr, nələr oğurlanıb.
Yer üstündə xəzinələr,
Yer altında dəfinələr
oğurlanıb!
Qoca millət, hər andımız,
Amanımız,
Əgər varsa,
Zərrə qədər imanımız,
İmanımız Vətən! – desin
Hər yaxşımız, yamanımız
Vətən! – desin
Əli kəsik, dili kəsik
Uşaqlar var – hələ dustaq,
Körpə dustaq Vətən! – deyir.
Bu nə külək, bu nə bulud,
Bu nə yağış, bu nə qardı?
Didərginlər üzərində
susub durdu,
Vətən! – dedi,
Mürgülüsən, qoca millət:
Daha möhkəm, daha ötkəm
gəlsin səsin,
Vətən! – desin
Qoca millət, Bu gün gərək
Hər anımız Vətən! – desin.

Vətən

Müəllif: Bəxtiyar Vahabzadə

Çağırır indi bütün milləti imdada Vətən.
Dəyişilməz, ay oğul, cənnətə dünyada Vətən.

Bizə meydan oxuyan bilməlidir birdəfəlik
Nə satılmaz, nə verilməz binədən yada Vətən.

Sinə altında gərək qəlb kimi hər an döyünə,
Yana ulduz kimi hər sözdə, hər imzada Vətən.

Vətən eşqindən ucalsın bütün istəklərimiz,
Yaşasın arzuda, məqsəddə, təmənnada Vətən.

Ulular uymadı var- dövlətə, yalnız dedilər:
– Ən böyük bəxşişimiz bizdən hər övlada: Vətən!

Vətən

Müəllif: Qabil

Mən gözümü bu torpaqda açmışam,
Mənim dilim bu torpaqda söz tutub.
İməkləmiş, yerimişəm, qaçmışam-
Dizlərimi qanadanda daş-kəsək
İlk yaram da bu torpaqda göz tutub.

Tarixində adım-sanım yox onun,
Hardan olsun, neyləmişəm axı mən?
Ancaq Vətən mənim kimi çoxunun
Zəhmətini çox çəkmişdir əzəldən.
Əllərimdən tuta-tuta aparmış,
Məni həyat yollarına çıxarmış.
Bu yerdədir, rişələrim, köklərim-
Ulu babam bu torpaqda uyuyur.
Vətən – mənim al şəfəqli səhərim,
Onsuz günəş gözlərimdə soyuyur.
Vətənsizin nə günəşi, nə ayı?..
Vətən yoxsa – hər şey hədər, havayı.
Qarış-qarış dolansam da cahanı,
Gözəlsə də yad ellərə səyahət,
Heyran-heyran seyr etsəm də hər yanı,
Səyahətim burda bitər, nəhayət.
Ağuşuna çəkər məni torpağım.
Harda olsam, harda gəzib dolansam,
Burda tapar əks-səda sorağım.
Bir-birindən hər şey qopar, ayrılar-
Ayrılmayan bəs nə var?
Mən,
Vətən! 

Vətən

Müəllif: Əliağa Kürçaylı

Mən səndən bir yaşıl budaq istədim,
Sən mənə bəxş etdin zümrüd meşələr.
Mən səndən kiçik bir otaq istədim,
Sən mənə bəxş etdin dilbər guşələr.

Mən səndən adicə həyat istədim,
Sən məni çıxardın min-min səhərə.
Mən səndən kiçik bir qanad istədim,
Sən məni uçurdun ənginliklərə.

Mən səndən bir dəstə çiçək istədim,
Mənimçün dörd fəsli yaz elədin sən.
Mən səndən ilhamlı ürək istədim,
Sən mənə təb verdin milyon ürəkdən.

Mən səndən kiçik bir sevinc istədim,
Sən mənə bəxş etdin bütöv səadət,
Mən səndən bir parça bürünc istədim,
Sən mənə bəxş etdin xəzinə, dövlət.

Mən səndən istədim açıq bir alın,
Sən mənə bəxş etdin əzəmət, vüqar,
Mən də başı açıq, ayağı yalın
Yolunda can qoysam, yenə az olar.

Bəlkə, buna görə əzəmətlisən-
Nəyin var vermisən əsirgəmədən!
Sən bir ana kimi səxavətlisən,
Anam Azərbaycan, Vətən, can Vətən!

Vətənin

Müəllif: Nizami Qəmli

Hər qarışı, hər torpağı, hər daşı,
Özümdən əzizdir mənə vətənin.
Firəvan günləri, hər bir xoş anı,
Qoy gəlsin həmişə önə vətənin.

Saf suyu, havası, zərif gülləri,
Zirvədə qartalı, geniş çölləri.
Nə qədər gəzsən də qürbət elləri,
Yenə doğma yurdun, yenə vətənin.

Düzlərindən keçib, dağından aşam,
Gözəl mənzərədən çağlayam, coşam.
Şerlər həsr edib, musiqi qoşam,
Nəğməsi dilimdə dinə vətənin.

Hər zaman sevinci dostlarla böləm,
Dotlarla şadlanam, dostlarla güləm.
Qəmliyəm, öləndə vətəndə öləm,
Cənazəm köksünə enə vətənin.

Vətənim

Müəllif: Nigar Rəfibəyli

Mən sənin torpağından
Boy atmışam, vətənim…
Dirçəlmişəm, qalxmışam,
Dənli sünbül olmuşam.
Eşqini ürəyimdə
Yaşatmışam, vətənim.
Min nəğməli, min sözlü
Coşğun könül olmuşam.
Mən səndən öyrənmişəm:
Eşqi də, nifrəti də,
İnsana, təbiətə
Sonsuz məhəbbəti də…
Bir gün sinəmdə əgər
Çırpınmasa bu ürək,
Torpağın altda belə
Sənin böyük eşqinlə
Həmişə döyünəcək… 

Vətən və biz

Müəllif: Məmməd Aslan

Uyusan, qürbətəm; qalsan, Vətənəm!
Ananam! Qızınam! Sevgilin mənəm!
Sən necə qıyırsan dağlansın sinəm?!
Hesab sor düşməndən! Öc al satqından!
Sıyır qeyrətini qılınctək qından!

Axan qanıma bax, kəsilən başa…
Qızmış pələng kimi atıl savaşa!
Ölsən, şərəflə öl, qalsan, ər yaşa!
Duyur sərtliyini dəmir qatından!
Sıyır qeyrətini qılınctək qından!

Sən belə deyildin, bir dön özünə!
Sancıl bayraq kimi dünya üzünə!
Səpilsin çiçəklər, güllər üzünə!
Enmə Koroğlunun şimşək atından!
Sıyır qeyrətini qılınctək qından!

Vətən qovğasına alnıaçıq get!
Dağ demə, daş demə, çığna da çıx get!
Düşmənin başına ildırım çax get!
Qoy çıxsın oğullar papaq altından!
Sıyır qeyrətini qılınctək qından!

Yetər bu inilti, yetər bu fəryad!
Ağrını, acını bir tərəfə at!
İçində uyuyan qeyrəti oyat!
İlan soydan bəlli, igid zatından;
Sıyır qeyrətini qılınctək qından!

And

Müəllif: Çingiz Əlioğlu

Yaylıqları bayraq olan Vətənim!
Anaların pak südünə and olsun!
Bayraqları torpaq olan Vətənim,
Torpağının boz külünə and olsun!
Hər qarış yerinçün candan keçərik,
Qaniçən deyilik, düşmən qanını
Su yerinə şərbət sanıb içərik!
Yaylıqları bayraq olan Vətənim!
O ağaran dan yerindən hərəmiz
Əynimizə ağ bir kəfən biçərik!
Anaların göz yaşına and olsun!
Bellərini kədər bükmüş o azman
Babaların ağ başına and olsun!
Yerdə qalmaz bu al qanın ləkəsi.
Qalsa əgər tutsun bizi qoy sənin
Verdiyin o duz- çörəyin tikəsi!
Yaylıqları bayraq olan Vətənim!
Sən ağlama, sən ağlasan, yanacaq,
Qovrulacaq bax bu canım, bu tənim!
Oğulların divar- divar, min- mindir,
Lazım gəlsə, bundan belə damarda
Axan qanın hər giləsi sənindir.
Sənindir bax, bu döyünən ürəklər,
Amal da sən, arzu da sən, şərəf sən,
Səninkidir bu muradlar, diləklər!
Biz getsək də, bu dünyada sən yaşa.
Adımız adınla çəkilsin qoşa.
Yaylıqları bayraq olan Vətənim,
Bayraqları torpaq olan Vətənim…

Vətən

Müəllif: Qara Süleymanov

Həsrətin çəkirəm hər saat hər an
Qəriblikdə sənin ey ana vətən!
Qızıldan olsada bil ki, qürbətim,
Qəm kədər içirəm ey ana vətən! 

Həsrətin canıma bir atəş saldı
Sevincli günlərim arxada qaldı.
Qürbət cənnət olsa vallah yalandı, 
Mənim cənnətimsən ey ana vətən!

Necə də gözəldi ahu camalın,
Cıdır düzlərində qaynar bulağın 
Seyrəngah düzüdü gözəl yaylağın
Səfalı həmdəmin ey ana vətən!

Çəkirəm ahından cəfayı hər dəm 
Yoxdu bu qurbətdə dərdimə məlhəm
Gəzərəm mən səni həsrətlə hər dəm
Dərdimin məlhəmi ey ana vətən! 

Qarayam, yüksəldi ahım fəryada 
Qəriblikdə əl açmışam Allaha 
Səbrim tükənibdi dözmərəm daha 
Sənin həsrətinə ey gözəl vətən! 

Borçalı mahalım, Başkeçid elim
Adını çəkməsəm tutular dilim
Müsəlmanam, qardaş İslamdır dinim 
İgidlər əhli sən ey gözəl vətən!

Ölkəmin

Müəllif: Cəfər Cabbarlı

Şiş ucları buludlarla döyüşən,
Dağlarında buzları var ölkəmin.
Göy otlardan ipək paltar geyinən,
Tarlaları, düzləri var ölkəmin.

Verimli torpağı, geniş çölləri,
Çalışqan ərləri, igid elləri,
Böyük gəmiləri, dəmir yolları,
Keçidləri, rizləri var ölkəmin.

Göllərində ördəkləri üzərlər,
Çöllərində maralları gəzərlər,
Güllərindən gələnlər tac düzərlər,
Ceyran gözlü qızları var ölkəmin.
Coşğun Xəzər oynar ayaqlarında,
İşıq saçan nəfti torpaqlarında,
Tarixlərin qızıl yarpaqlarında
Dadlı-dadlı sözləri var ölkəmin.

Getməyə vətən gəzirəm

Müəllif: Sədi Yaradanqulu

Mən solmuşam bir gül kimi,
Saralmışam, sünbül kimi,
Nalə çəkən bülbül kimi,
Ötməyə,vətən gəzirəm.

Dözəmmirəm bu əzaba,
Dolaşıram oba-oba,
Ümid bəsləyib sabaha,
Getməyə,vətən gəzirəm.

Baxışımla hər dağını,
Oxşayıram, yarpağını.
Qucaqlayıb torpağını,
Öpməyə,vətən gəzirəm.

Sədiyəm, mən gülə bilməm,
Lal olmuşam, dinə bilməm.
Mən vətənsiz ölə bilməm,
Ölməyə,vətən gəzirəm.

Vətənim

Müəllif: Səidə Əliyeva

Başı çalmalı dağların,
Yamacında quzu mələr.
Arasından sal qayaların,
Buz bulaqlar süzüb gələr.

Meşəsində ceyran gəzər,
Çəmənini güllər bəzər.
Kol dibində bənövşələr,
Boynunu büküb bahar gözlər.

Barlı, bəhrəli bağları,
Gözoxşayan tarlaları.
Qonaqpərvər insanları,
Vətən üçün candan keçər.

Qeyrətli, gözəl qızları,
Mərd, igid oğlanları,
Yurd sevən cavanları,
Vətən üçün candan keçər.

Uludur elimiz, obamız,
Bərəkətlidir torpağımız.
Üçrəngli bayrağımız,
Vətən üçün müqəddəsdir.

Azərbaycan bayrağı

Bayraq haqqında şeirlər

Azərbaycan bayrağına

Müəllif: Cəfər Cabbarlı

Buraxınız, seyr edəyim, düşünəyim, oxşayayım,
Şu sevimli üç boyalı, üç mənalı bayrağı.
Mələklərin qanadımı üzərinə kölgə salan?
Nə imiş bu, aman Allah?! Od yurdunun yarpağı!

Göy yarpaqlı, al çiçəkli, yaşıl otlar topasımı?
Xayır, xayır! Çiçək solur, otlar yerdə tapdanır.
Fəqət bizim bayrağımız ucaları pək seviyor,
Ulduzlardan, hilaldan da yüksəklərdə fırlanıyor.

Kölgəsində ay əyilib bir gözəli qucmada,
Qucaşaraq sevdiyilə yüksəklərə uçmada.
Şu görünüş bir ananın şəfqətinə oxşuyor,
Düşündükcə zövqlərimi, vicdanımı oxşuyor.

Bu ay, ulduz, boyaların qurultayı nə demək?
Bizcə böylə söyləmək:
Bu göy boya, Göy Moğoldan qalmış bir türk nişanı,
-Bir türk oğlu olmalı!
Yaşıl boya islamlığın sarsılmayan imanı,
-Ürəklərə dolmalı!
Şu al boya azadlığın, təcəddüdün fərmanı,
-Mədəniyyət bulmalı!
Səkkiz uclu şu ulduz da, səkkiz hərfli OD YURDU
Əsarətin gecəsindən fürsət bulmuş quş kibi,
-Səhərlərə uçmuşdur!
Şu hilal da, türk bilgisi, düzgün sevgi nişanı,
-Yurdumuzu qucmuşdur!

Allah, əməllərim edib şu bayrağı intiqal,
Birər-birər doğru olmuş, bir ad almış: İSTİQLAL!
Yürəyimdə bir dilək var, o da doğru kəsilsin,
O gün olsun bir göy bayraq Turan üstə açılsın! 

Bayraq

Müəllif: Bəxtiyar Vahabzadə

Torpağım üstünə kölgələr salan 
Mənim varlığımın cilası – bayraq. 
Zəfərdən doğulmuş, Göytürkdən qalan 
Qurdbaşlı bayrağın balası bayraq. 

Üçrəngli bayrağın kölgəsində mən 
Qaraca torpağı vətən görmüşəm. 
Zəfər güllərini dövri-qədimdən 
Bayraq işığında bitən görmüşəm. 
Bayraq mənliyimdir, bayraq kimliyim, 
Bayraq – öz yurduma öz hakimliyim. 

Harda əcdadımın ayaq izi var, 
Bu zəfər bayrağım orda dikəlsin. 
Keçdiyi yerlərdə dağlar, yamaclar 
Onun hüzuruna salama gəlsin. 

Tarixdən qədimdir, zamandan qoca 
Mənim bayrağıma sancılan hilal. 
Aləmə nur saçdı tarix boyunca 
Məbədlər başıma tac olan hilal. 

Daim ucalasan! Savaş günündə 
Əsgər silahıyla səni tən görüm. 
Yalnız zəfər çalmış şəhid önündə 
Səni alqış üçün əyilən görüm.

Azərbaycan bayrağı!

Müəllif: Ramiz Qusarçaylı

Şənini vəsf etməyə yetər, qüdrətim yetər,
Ulduzunu, ayını göydə mələklər öpər,
Hər rəngində “ya qazı, ya şəhid” bir mən bitər,
Sən ey İstiqlalımın əbədiyyət sancağı, – 
Azərbaycan bayrağı !

Yağının min hiyləsi küydən, kələkdən keçər,
Sən sancılan ucalıq min-min ürəkdən keçər,
Dağlar yerindən oynar, daşlar ələkdən keçər,
Göylərin nur yağmuru, yerlərin göy qurşağı,-
Azərbaycan bayrağı!

Sən Arazın, Samurun umuduna bələndin,
Çəni ağlar Göyçənin buluduna bələndin,
Dərbəndin dərd hıçqıran sükutuna bələndin
O tayımda Savalan, bu tayımda Şah dağı,
Azərbaycan bayrağı !

Cəngidə cövlan yerim, cövlanda can yerimsən,
Barışda gül çələngim, savaşda qan yerimsən,
Sən mənim and yerimsən, mənim iman yerimsən,
Dalğalı ləngərlərin yelpiklənən yarpağı,-
Azərbaycan bayrağı !

Sənsən Azadlıq eşqim, sənsən Hürr, – deyəcəyəm,
Ən son nəfəsimdə də sənə şeir deyəcəyəm,
Şuşada sən qonduğun daşa pir deyəcəyəm,
Çəkəcəyəm gözümə kölgən düşən torpağı
Azərbaycan bayrağı !
Azərbaycan bayrağı !

Üçrəngli bayraq

Müəllif: Dünyamin

Göylərə yüksəlib üçrəngli bayraq,
Onu ucalardan enməyə qoyma!
Qəlbimin başında qığılcım yanar,
Ey Vətən, sən onu sönməyə qoyma!

Oğullar sıyrılsın qınından yenə,
Keçsinlər ürəklə canından yenə.
İçsinlər düşmənin qanından yenə,
Alçağı qalxmağa, dinməyə qoyma!

Göylər mavi rəngli tül, ipək olsun,
Dünya al geyinsin, gül-çiçək olsun!
Ömür yaşıl donlu gələcək olsun,
Milləti bu yoldan dönməyə qoyma!

Sınmarıq milləti sındıranlara,
Qəhr olsun ümidi donduranlara!
Eşq olsun gur işıq yandıranlara,
İşığı zülmətə yenməyə qoyma!

Gəlir babalardan haraylı bir səs,
“Yüksələn bir bayraq bir daha enməz!”
Azadlıq eşqimiz tükənərmi bəs?!
Ya Rəbbim, bu eşqi sönməyə qoyma!

Şuşam da, Laçın da əsirdir hələ,
İnləyir, inləyir bu torpaq hələ.
Oğullar ayağa qalxacaq hələ,
Onları bu yoldan dönməyə qoyma!

Dinimiz, dilimiz, torpağımız var,
Dağımız, çölümüz, irmağımız var.
Ey Vətən, üç rəngli bayrağımız var,
Zirvəyə ucalıb, enməyə qoyma!

 ana torpaq

Torpaq haqqında şeirlər

Azərbaycan torpağı

Müəllif: Qabil

Harda ümman görürəm,
Sən yadıma düşürsən,
Mənim mavi Xəzərim!
Harda liman görürəm,
Sən yadıma düşürsən,
Mənim doğma şəhərim!
Harda sahil görürəm-
Qumlu-qayalı sahil,
Buzovnadır,- deyirəm,-
Bura başqa yer deyil.
Bir qəşəng göl görürəm,
Sanmıram ögey gölü.
Çünki xatırladır o
Mənə bizim Göy Gölü!
Qarşıma dağ çıxırsa
Başı qarlı, dumanlı,
Ətəkləri yamyaşıl
Döşü qalın ormanlı-
Şah dağı tək, Kəpəz tək,
Əziz bilirəm onu.
Mən Talış dağlarıyla
Əkiz bilirəm onu!
Torpaqları çörəkli,
Bağları barlı edən,
Kəndləri, şəhərləri
Axar-baxarlı edən
Bir çayın sahilindən
Yolum düşürsə haçan,
Deyirəm ki, o, Kürdür,
Axıb gedir yanımdan.
Nə dildə qanad açsa
Şirin bir nəğmə əgər;
Onunla şadlanarsa,
Qəmlənərsə ürəklər,
Oxşayarsa insanın
Xəyalını, ruhunu,
Azərbaycan nəğməsi
Zənn edirəm mən onu
Azərbaycan torpağı,
Öpüm, öpüm səni, gəl!
Axı səndə görmüşəm
Hər şeyi əvvəl-əvvəl.
Axı səndə bilmişəm
Nə var, nə yox dünyada,
Axı səndə görmüşəm
Hər şeyin qəşəngini-
Bağçaların barını,
Çayların axarını,
Üfüqlərin rəngini,
Dostluğu, sədaqəti,
Sevgini, məhəbbəti.
Səndən ayırsa belə
Dənizlər, dağlar məni,
Nə xoş gəlsə gözümə,
Qoynuna bağlar məni.
Dünya mənə xoş gəlir
Həyatın hər bir çağı.
Sən bir dünyasan demək,
Azərbaycan torpağı!

Ana torpaq

Müəllif: Hüseyn Faxralı

Vətən adlı sorağımsan,
İşıq saçan çırağımsan,
Toy-büsatım, növrağımsan,
Şöhrətimsən ana torpaq.

Həyat verən, nəfəs verən,
Övladına həvəs verən,
Uçmaq üçün qanad verən,
Həyatımsan ana torpaq.

Geniş açar sinəsini,
Qucar doğma balasını,
Şirin həyat nəğməsini,
Oxur bizə ana torpaq.

Qidamızsan, duamızsan,
Yuvamızsan ana torpaq,
Son mənzildə yatağımız,
Yorğanımız ana torpaq.

Susuzluqdan qan-tər içər,
Kədər yeyər, qəm becərər,
Hər nə etsə dərddən edər,
Yaralıdır ana torpaq.

Boy atırıq, kök atırıq,
Qıvrılıb dağlı qəlbində,
Xumar-xumar biz yatırıq,
Sinəsində dərd çatırıq,
Qan-qadalı qara torpaq.

Sinən dağlı, qolun bağlı,
Qara dağlı, qara bağlı,
Dağlardakı qara bağlı,
Qarabağsız ana torpaq.

Qara günlü qara dünyam,
Səsli-ünlü harayımsan,
Sən doğrusan, qınağın mən,
Bu dünyada qonağınam,
O dünyada qına torpaq.

Sən bəşərin ürəyisən,
Dərd-sər üçün gərəyisən,
Hüseynin dərd ələyisən,
Bu dünyanın ələyində,
Ələnirsən ana torpaq.
Anamızın anasısan,
Anasızsan ana torpaq.

Qarabağ

Qarabağ, Xocalı haqqında şeirlər

Xocalım, ay Xocalım !

Müəllif: Qəzənfər Məsimoğlu

Nələr gəldi başıma, nələr gördü gözlərim,
Nə qədər anaları mələr gördü gözlərim.
Görünməyən böhtanla, şərlər gördü gözlərim,
Necə dinməyim axı, necə biganə qalım?
Könlümün yarasısan Xocalım, ay Xocalım!

Fürsət aldı düşmənim, sahibsiz qalmağımdan,
Başıma gələn, gəldi müsəlman olmağımdan.
Görən necə yuyular tökülmüş bu nahaq qan?
Kimlərinsə halını dəyişəcəkmi halım?
Gözləri yolda qalan Xocalım, ay Xocalım!

Ədalətsiz dünyada harayımı, ünümü
Eşitmirsə bir kimsə dəyişimmi dinimi?
Yoruldum Allahıma tutmaqdan da yönümü,
Kədərimdən boğulub belə dərdlimi qalım?
Yağı əlində dustaq Xocalım, ay Xocalım!

Güllələrlə biçildi qocaların dizləri,
Oyuldu oyuq-oyuq beyinləri, gözləri.
Ləkələndi bakirə qızların gül üzləri,
Allah, ölüm ver mənə, istəmirəm sağ qalım.
İsmətin qorunmadı Xocalım, ay Xocalım!

Buludlarla əlləşən sonsuz həvəsim hanı?
Dünyanı lərzə salan hökmlü səsim hanı?
Arxamda dayaq duran tutarlı kəsim hanı?
Kimlərə inam edim,ya kimlərdən güc alım?
Kimə deyim dərdimi Xocalım, ay Xocalım?

Susdular, titrətsədə cəmi yaxını, yadı,
Günahsız körpələrin göz yaşları, fəryadı.
SOYQRIMDIR,SOYQRIM-bunun yox başqa adı!
Sözümü demək üçün ərşə qalxım, ucalım,
Bəlkə eşidən ola Xocalım, ay Xocalım!

Ay Xocalı !

Müəllif: Hüseyn Faxralı

İyirmi bir il,- keçdi yaşın,
Nələr çəkdi, nələr başın,
Daş üstə qalmadı daşın,
Qalx ayağa, ay Xocalı!

Ağarıbdı, ağ qar başın,
Qara bağlar qan qardaşın,
Qan ağlayar qara daşın,
Qalx ayağa, ay Xocalı!

Zəhər oldu onda aşın,
Yanağından axdı yaşın,
Qayğılıdı qara qaşın,
Qalx ayağa, ay Xocalı!

Bikef, bihalsan, bildirmə,
Ölmüşük, bir də öldürmə,
Qarı düşməni güldürmə,
Qalx ayağa, ay Xocalı!

Yezid etdi yerlə yeksan,
Bu halınla təksən, yeksən,
Dizim sınar dizə çöksən,
Qalx ayağa, ay Xocalı!

Xatirəmdən “Xatın”1 keçdi,
Ondan yeddi qatın keçdi,
Sənsiz dünyam puçdu, heçdi,
Qalx ayağa, ay Xocalı!

Nə yatmısan, oyun keçdi,
Soyqırımı soyun seçdi,
Yağmaladı, yağı biçdi,
Qalx ayağa, ay Xocalı!

Dünya qırğını anıbdı,
Hər yan qara boyanıbdı,
Qara baxtın oyanıbdı,
Qalx ayağa, ay Xocalı!

Qeyd: 1.Xatın – Xatın faciəsi nəzərdə tutulur.

Dünya tanı Xocalını!

Müəllif: Hüseyn Faxralı

Şəhid ruhu səmalarda,
Səkər, geri dönməyəcək.
Sinələrdə yanar məşəl
Əbədidi, sönməyəcək!

Xocalının soyqırımı
Qətliamdı, məşəqqətdi.
Bu vəhşətin misli yoxdu,
Vəhşilikdi, nə dəhşətdi!

Həqiqəti görməyən kor,
Xain, namərd, nadan, nankor,
Aç gözünü, de sözünü,
Söylə bu ki, qiyamətdi!

İnsanlığa yaraşmayan,
Yerə-yurda sığışmayan,
Nə yalandı, nə saxtadı,
Dünya boyda həqiqətdi!

Qundaq, uşaq, o qadını,
Nə qoyursan qoy adını,
Şəhid olan qocalını,
Dünya, tanı Xocalını!

Xocalı

Müəllif: Hüseyn Faxralı

Fəryadına çatammadım, bağışla!
Əllərindən tutammadım, bağışla!
Dərdlərini umammadım, bağışla
Söz dağımsan, göz dağımsan Xocalı!
Tənha qalan torpağımsan Xocalı!

Qazanmışıq, itirmişik gör nəyi,
Qızıl qana bulanıbdır köynəyi,
Yandıracaq qəlbimizin göynəyi,
Söz dağımsan, göz dağımsan Xocalı!
Tənha qalan torpağımsan Xocalı!

Təsəllilər göz yaşını ovutmaz,
Nalələri yer götürməz, göy tutmaz!
Dədə dünya bu dəhşəti unutmaz!
Söz dağımsan, göz dağımsan Xocalı!
Tənha qalan torpağımsan Xocalı!

Əsir Qarabağa bahar tələsmir

Müəllif: Səidə Əliyeva

Şuşanın dağları pərişan durur,
Laçında qartallar boynunu burur.
Xocalının gözyaşları qurumur,
Əsir Qarabağa bahar tələsmir!

Cıdır düzü daha qonaqsız qalıb,
İsa bulağı yasa batıb, sədasız qalıb.
Qarabağda qaranquşlar yuvasız qalıb,
Əsir Qarabağa bahar tələsmir!

Açmayır xarıbülbül, rəngləri solub,
Buludlar kövrəlib, gözləri dolub.
Çəmənlər, çiçəklər zamansız solub,
Əsir Qarabağa bahar tələsmir!

Meşədə palıdlar, dağda qayalar,
Saçlarını yolur salxım söyüdlər.
Küsüb dönmür, qaranquşlar, durnalar,
Əsir Qarabağa bahar tələsmir!

Bahar təbiəti güllə bəzəyir,
Qarabağ xalqımın yolun gözləyir.
Şuşam, Cıdır düzü bizi səsləyir,
Əsir Qarabağa bahar tələsmir!

Torpaqdan pay olmaz, doğrusu budur,
Torpağı qorumaq Vətən borcudur.
Azəri qızıyam mən də bu yurdun,
Azəri yurduna bahar tələsir!

Azərbaycan Qarabağı istəyir

Müəllif: Tural Aşırov

Deyin nədir bu millətin günahı
Ala bilmir öz yurdundan pənahı
Bu ölkənin bu diyarın min ahı
Azərbaycan Qarabağı istəyir!

Qatil ermənilər ora əl qoydu
Hamilə qadını qulun tək soydu
Artıq bu çilədən səbirlər doydu
Azərbaycan Qarabağı istəyir!

Gözəldir hər yeri cənnət sayağı
Oradır vətənin arxa dayağı
Artıq bu qəddarlar kəssin ayağı
Azərbaycan Qarabağı istəyir!

Gözləri yoldadır Ağdam, Şuşanın
Saflığı pozulmaz təmiz guşənin
Qaytarın hökmünü Cavad paşanın
Azərbaycan Qarabağı istəyir!

Bakının, Gəncənin ağlayır gözü
Qarabağ tarixə ad salıb izi
Qədim türk yurdunun özüdür özü
Azərbaycan Qarabağı istəyir!

Bütün şəhidlərin ruhu ordadır
Ayrılıb bədəndən ürək zardadır
Vətən əldən gedir dövlət hardadır!?
Azərbaycan Qarabağı istəyir!

Şuşa!!!

Müəllif: Səməd Vurğun

Qoynuna girməyə qalmışdır bir az,
Könül fərəhlənib eylədi pərvaz.
Ölməyib görəydim seyrini hər yaz,
Səndə vardır başqa lətafət, Şuşa!

Dağlarından qopar havalı yellər,
Ah,o sərin yellər,səfalı yerlər.
Dağıdıb huşumu divanə eylər,
Vüsalın hər kəsə səadət, Şuşa!

Xırdaca-xırdaca yağışın yağar,
Çən-çisək içindən günəşin doğar,
Bir ağız bir bulaq suyunu içər,
Eyləyirsən yenə qiyamət, Şuşa!

Bir əcəb gülşəndir torpağın,daşın,
Dumanlı dağlardır həyat yoldaşın.
Bir ağrı gördümü ömründə başın,
Ey fitrən xəlq olmuş təbabət, Şuşa!

Şuşa

Naləli bir fəryad qalxdı göylərə,
Bu Bülbül səsiydi, Cabbar səsiydi.
Bağrı qan olmuşdu Şuşanın bugün,
Bu səs anaların ah-naləsiydi.

Gözündən qan yaşlar tökdü torpağım,
Köksünə dəymişdi düşmən ayağı.
Natəvan dözmürdü daşların altda,
Dünyaya düşmüşdü onun harayı.

Xan baba, Seyid də nalə çəkirdi,
Güllələr torpağı dəlib deşirdi.
Çöldə tənha qalan Xarı bülbülü,
Düşmən ayaqlayıb basıb keçirdi.

İntiqam hissiylə coşurdu Şuşa,
Bu döyüş deyildi, adi tamaşa.
Düşmənin qurduğu hiylə torunda,
Son dəfə canını tapşırdı Şuşa.

Əsrlər şahidi olan qalalar,
Görmüşdü çox böyük belə bəlalar.
Bu bəla bəlanın dəhşətlisiydi,
Bu Azərbaycanın faciəsiydi.

Əymə sən başını, başımın tacı,
Nəhayət tapılar dərdin əlacı.
Ər-aslan oğullar ayağa qalxar,
Ayaqlar altında qalan bayrağı,
Şuşa qalasının başına taxar.

Sən azad olarsan qəmdən, kədərdən,
Bağlı qapıların açılar birdən.
Açılar qaralmış Günəşin üzü,
Onda bayram edər bütün Yer üzü!

Azərbaycan ordusu

Ordu, əsgər haqqında şeirlər

Ordum varsa, yurdum var

Müəllif: Zəlimxan Yaqub

Mənə ordu gərəkdir, xəstəyə dərman kimi,
Mənə ordu gərəkdir, nəfəs kimi, can kimi.
Mənə ordu gərəkdir, sarsılmaz cahan kimi.
Ordum varsa, yurdum var,
Ordum yoxsa, yurdum yox!

Düşmənin yuvasını əlimlə pozmalıyam.
Səngəri dırnağımla, dişimlə qazmalıyam.
Tarixi qələmlə yox, qanımla yazmalıyam,
Ordum varsa, yurdum var,
Ordum yoxsa, yurdum yox!

Gözlər od, əllər silah, canlar sipər olmalı,
Kirpiyimiz sıxılmış yurda çəpər olmalı,
Damarda qan coşmalı, canda təpər olmalı,
Ordum varsa, yurdum var,
Ordum yoxsa, yurdum yox!

Bizə od vuranları yandırıb-yaxan gərək.
Torpağı gözümüz tək qoruyub baxan gərək
Qəzəb dolu tüfəngəm, çaxmağı çaxan gərək
Ordum varsa, yurdum var,
Ordum yoxsa, yurdum yox!

Torpağa sahib olub yer üstə yerləşməsək,
Bir canda, bir ürəkdə, bir ruhda birləşməsək,
Millətin taleyini dürüst fikirləşməsək,
Özgələrdən bizlərə dırnaq qədər yardım yox.
Ordum varsa, yurdum var,
Ordum yoxsa, yurdum yox!

İnamsız bir qartalın qanadları gərilməz,
Döyüşsüz azadlığın meyvələri dərilməz,
Şəhidsiz bir millətin vətən ruhu dirilməz,
Oğullar ola-ola, necə deyim mərdim yox.
Ordum varsa, yurdum var,
Ordum yoxsa, yurdum yox!

Ümid sənədir ancaq…

Müəllif: Qabil İmamverdiyev

Uzanır danışıqlar,
İmzalanır sənədlər.
Xəritədə aləmə
Göstərilir sərhədlər….
Səsimizə səs verir
Dünya başbilənləri;
Ümid sənədir ancaq,
Azərbaycan əsgəri!

Dəyirmi masalarda
İzi var dirsəklərin…
Ağla sığan söhbəti,
Sözü var dəstəklərin,
Yardım bağlamasında
Özü var dəstəklərin
Lap ləl-cavahir olsun
Hər yardımın dəyəri…
Ümid sənədir ancaq,
Azərbaycan əsgəri!

Diplomat cənabların
Hər biri hörmətlidir.
Bu məqamda ölkəmə
Təşrifi qiymətlidir.
Rəyi təqdirə layiq,
Rəyi ədalətlidir.
Gözdən-nəzərdən salan
Kimdir ki, bu işləri?
Ümid sənədir ancaq,
Azərbaycan əsgəri!

İşğal altında qalır
Torpağımız-daşımız,
Nələr görmür gözümüz,
Nələr çəkmir başımız.
Qarışıb bir-birinə
Baharımız-qışımız.
Çadır göstərmək olub
Hər çatana peşəmiz…
Sərgi olmasın deyə
Bu mil-muğan düzləri
Ümid sənədir ancaq,
Azərbaycan əsgəri!

Ali qonaqlar gəlir
Dünyanın hər yerindən.
Ürək yanır, göz dolur
Şəhid qəbirlərindən…
Düşünüb daşınıram
Özlüyümdə dərindən:
İntiqam ala bilməz,
Qana qan ola bilməz
Məzarları bəzəyən
Ehtiram çiçəkləri…
Ümid sənədir ancaq,
Azərbaycan əsgəri!

Söhbətlər çözələnir,
Bir şey görünmür hələ,
Heyətlər təzələnir,
Bir şey görünmür hələ.
Müddətlər təzələnir,
Bir şey görünmür hələ.
Açılmır ki, açılmır
Düyünü bu torpağın.
Qov alışa bilərmi,
Od saçmasa çaxmağın?
İldırımlardan belə
Umma bu zərrələri,
Ümid sənədir ancaq,
Azərbaycan əsgəri!

Sülhə qurban kəsərəm,
Mən də qan istəmirəm.
Təzə-tər qərənfilli
Xiyaban istəmirəm.
Tükənir səbrim fəqət,
Sazişlər,
Qətnamələr,
Bəyanətlər
Kifayət!
Kiyafətlər
Kifayət!
Ziyafət dumanında
Nəzakətlər kifayət!
Yurdsuzlara yurd olan
Biyaban istəmirəm!

Yellənsin sülh bayrağı,
Bu bayrağa kəm baxan,
Həm baxmayan,
Həm baxan
Bədgüman istəmirəm,
Sevindirsin milləti
Qoy sülhün şad xəbəri,
Ümid sənədir ancaq,
Azərbaycan əsgəri!

Mübariz İbrahimov

Müəllif: Rusif Hüseynov

Halal olsun sənə VƏTƏN çörəyi,
Halal olsun sənə xalqın əməyi,
Gör necə olarmış igid ürəyi,
Yazdın yaddaşlara silinməz bir iz!
Qəbrin nurla dolsun sənin MÜBARİZ!

Düşmənin gülləsi qırmaz əzmini,
İstər yüzü olsun istərsə mini,
Qürurla anırıq sənin ismini,
Üzün nur, qəlbin saf, ruhun tər təmiz!
Qəbrin nurla dolsun sənin MÜBARİZ!

Yas tutub Qarabağ, Ağdam, Ağdərə,
Quruyub bulaqlar, solub dağ, dərə,
Rəhmət diləyirik sənə min kərə,
Səninçün ağlayır bu çay, bu dəniz!
Qəbrin nurla dolsun sənin MÜBARİZ!

Oyatdı millətdə VƏTƏN hissini,
Susdurdu, düşmənin kəsdi səsini,
Kişi tək ödədi vəzifəsini,
Sən bizə örnəksən! Sən şərəfimiz!
Qəbrin nurla dolsun sənin MÜBARIZ!

Rusif yazsa sənə min cildlik əsər,
Bu dastan, bu əsər, yenə az edər,
Şeirlə təsəlli tapdım bir qədər,
Haqqını ödəməz şeir, əsərimiz!
Qəbrin nurla dolsun sənin MÜBARİZ!

Hələ unutmadım Ramil, Fəridi
Sığmaz yerə göyə qəlbimin dərdi,
Hələ ki, sözlərim bura qədərdi,
Borcluyuq sizlərə biz hər birimiz!
Qəbrin nurla dolsun FƏRİD! MÜBARİZ!

Vətən oğlu

Vətən mənə oğul desə nə dərdim,
Məmməd Araz zirvəsindən budur iz.
Şəhid oldun baş əymədin düşmənə,
Vətən sənə oğul dedi, Mübariz

Dözmədin sən dözülməyən oyuna,
Çönüb baxdın tarixinə soyuna,
Şücaətin çox yaraşdı boyuna,
Vətən sənə oğul dedi, Mübariz

Adın kimi özün oldun qorxmadın,
Azdı düşmən, çoxdu düşmən baxmadın.
Cihad etdin, gözlərini qırpmadın,
Vətən sənə oğul dedi, Mübariz

Qıy vuraraq qartal kimi şığadın
Tək canına meydan etdin, suladın.
Düşmənləri al qanına buladın,
Vətən sənə oğul dedi, Mübariz

Rövşən deyər, sönməzliyi yaşatdın,
Yurd-yuvadan dönməzliyi yaşatdın,
Ölmədin sən, ölməzliyi yaşatdın,
VƏTƏN SƏNƏ OĞUL DEDİ, MÜBARİZ

şəhidlər

Şəhidlər haqqında şeirlər

Şəhidlər

Müəllif: Bəxtiyar Vahabzadə

Qatil gülləsinə qurban gedirkən,
Gözünü sabaha dikdi şəhidlər.
Üçrəngli bayrağı öz qanlarıyla
Vətən torpağına çəkdi şəhidlər.

Zalim öyünməsın zülümləriylə,
Min bir böhtanıyla, min bir şəriylə.
Həqiqət uğrunda ölümləriylə
Ölümü kamına çəkdi şəhidlər.

O şənbə gecəsi, o qətl günü, –
Mümkünə döndərdik çox namümkünü.
Xalqın qəlbindəki qorxu mülkünü,
O gecə dağıdıb sökdü şəhidlər.

Tarixi yaşadıb diləyimizdə,
Bir yumruğa döndük o gecə biz də.
Yıxıb köləliyi ürəyimizdə
Cəsarət mülkünü tikdi şəhidlər.

Onlar susdurulan haqqı dindirər,
Qaraca torpağı qiymətləndirər.
Donan vicdanları qeyrətləndirər,
Axı, el qeyrəti çəkdi şəhidlər.

Dözdü hər zillətə, dözdü hər şeyə,
“Dünyada mənim də haqqım var”, – deyə.
Kütləni xalq edən müqaviləyə
Qanıyla qolunu çəkdi şəhidlər.
İnsan insan olur öz hünəriylə,
Millət millət olur xeyri, şəriylə.
Torpağın bağrına cəsədləriylə,
Azadlıq tumunu əkdi şəhidlər.

Şəhid anası

Müəllif: İlham İdrisoğlu

Titrək əllərinlə alıb şəklini
Ah çəkib ağlama, şəhid anası!
Dizlərin üstünə əyib belini
Sellər tək çağlama, şəhid anası!

Baxırsan gəldiyi cığıra,izə.
Quzu otardığı çəmənə, düzə.
Yaralı könlünü hey üzə-üzə,
Dünyanı dağlama, şəhid anası!

Ruhu ildrımda, şimşəklərdədir,
Qarabağdan əsən küləklərdədir,
Həsrətli, ümüdlü ürəklərdədir,
Çox matəm saxlama, şəhid anası!

Nə deyim, nə yazım, qələmim donur?
İlhamın dünyası odlanır, yanır.
Sənin dözümündən yağılar sınır,
Qara şal bağlama, səhid anası!

Şəhidlər ölməzlərdir, ölməzi ağlamazlar!

Müəllif: Oqtay Zəngilanlı

Şəhidlər şərəf-qeyrət, ucalıq zirvəsidir,
Şəhidlər azadlığın od-şimşək zərrəsidir,
Şəhidlər tarixləşən istiqlal türbəsidir.
Şəhidlər şimşək kimi, buludlar saxlamazlar.
Şəhidlər ölməzlərdir, ölməzi ağlamazlar!

Şəhidlər Vətən daşı, yurdun vətəndaşıdır,
Şəhidlər azadlığın uca heykəl daşıdır,
Şəhidlər məmləkətin, xalqın qan yaddaşıdır.
Şəhidlər unudulmaz, ölməz, can dağlamazlar,
Şəhidlər ölməzlərdir, ölməzi ağlamazlar!

Şəhidlər doğulan gün əbədiyyət başlayır,
Şəhidlər imamlartək ürəklərdə yaşayır,
Şəhidlər karvanını əbədiyyət daşıyır.
Şəhidlər cənnət əhli, matəm, yas saxlamazlar,
Şəhidlər ölməzlərdir, ölməzi ağlamazlar!

Şəhidlər Xiyabanı müqəddəs pirimizdir,
Şəhidlər Xiyabanı ziyarət yerimizdir,
Şəhidlər qürur rəmzi, özünü dərkimizdir.
Şəhidlər qeyrət qanı, axmasa, çağlamazlar,
Şəhidlər ölməzlərdir, ölməzi ağlamazlar!

Şəhidlər Ana yurdu tutdular candan baha,
Şəhidlər yollar açdı, qaranlıqdan sabaha,
Şəhidlər ölməz ruhla, gedir üzü Allaha.
Şəhidlər gedən yolu tufanlar bağlamazlar,
Şəhidlər ölməzlərdir, ölməzi ağlamazlar!

Şəhidlər Xiyabanı

Müəllif: Şirinxanım Kərimbəyli Şadiman

Əsarətinə üsyan dünyanın qəm adası,
Nakam olmuş canların şəhid ruhlar odası,
Zəncirləri qırılmış Vətənin qan-qadası,
Şəhidlər Xiyabanı!

Gözü yaşlı analar saçın yolur ah ilə,
Məmləkət üsyan edir qul olmuş sabah ilə,
Allah necə barışır bu suç, bu günah ilə?!..
Şəhidlər Xiyabanı!

Xonçası qara geymiş igidin yas ocağı,
Çocuğu gözü yaşlı gəlinlərin qucağı,
Əli qanlı cəlladın min illik umacağı…
Şəhidlər Xiyabanı!

Diləkləri, amacı sinəsində boğulmuş,
Onsəkkizdən bu yana iki dəfə doğulmuş,
Öz halal torpağında, öz qanıyla yoğrulmuş,
Şəhidlər Xiyabanı!

Görməyib səyyarəmiz bu cürə sitəm, zülm,
Lay-divar igidlərin sinəsi dilim-dilim,
İlahidən xəbərsiz yazılmış savaş, ölüm,
Şəhidlər Xiyabanı!

Gözü yaşlı körpələr ata yoluna baxar,
Rüzgar da qan-qadadan ərzi yandırıb yaxar,
Selmi, sumu bədənlər hər gün qoynuna axar?
Şəhidlər Xiyabanı!

Sonu olacaq görən bu tökülən qanların?
Şəhidlik ünvanına yazılan cavanların,
Allah hesabın çəksin qoy sonsuz divanların!
Şəhidlər Xiyabanı!

İçimdə vulkan olan ərzi tutan acısan,
Yağı gülləsinə tuş sən qardaş, sən bacısan,
Özünü danan xalqın tək mənlik əlacısan-
Şəhidlər Xiyabanı!

Anaların köksünə dağ basma özü közdü,
Yetər daha məmləkət qanlı işğala dözdü!
Millət qul ola-ola öz canından əl üzdü,
Şəhidlər Xiyabanı!

Qərənfili matəmə boyanmış bəy məzarı,
Ağlayır sinələrdə ürəklər zarı-zarı,
Qəbirləri qucaqlar gəlin, ana, qız, qarı,
Şəhidlər Xiyabanı!

Nə vaxt sona yetəcək, ay Allah, bu müşgüllər?
Lay-lay balam deməkdən qabar çalıbdı dillər…
Ağı deyir ağlayır bizimlə birgə illər…
Dikib başını yerə bağçamızdakı güllər!
Şəhidlər Xiyabanı!

Ey millətin istiqlal dünyasının günəşi,
Məzarlara sığınmış nakam ruhların nə`şi,
Min yerə parçalanmış zəncirlərin atəşi-
Şəhidlər Xiyabanı!

Sən nəhrlər ağladan ölkənin qibləgahı,
Qocadan çocuğadək hər evin səcdəgahı,
Dikiləcək min illər fələyə ana ahı…
Şəhidlər Xiyabanı!

Şadiman ölsə bir gün ruhu səcdəyə gələr,
Başdaşından dünyaya ömürlük ah yüksələr,
Məzar-məzar önündə tənim doğulub ölər-
Şəhidlər Xiyabanı!
Şəhidlər Xiyabanı!

Şəhidlər

Müəllif: Pirim Pirimov

Siz ey Vətən yolunda şirin canından keçib,
İgidliyi, mərdliyi özünə amal seçib,
Ömrün bahar çağında həyatdan erkən köçüb,
Ölümüylə bu yurdu, torpağı yaşadanlar,
Yaşayan hər ömürdə qanınız, canınız var!

Səs verdiniz Vətənin harayına, səsinə,
Yüksəldiniz müqəddəs şəhidlik zirvəsinə.
Məzarınız dönübdür ziyarət türbəsinə.
İnanın, and içirik, qanınız alınacaq,
Xatirəniz, ruhunuz həmişə anılacaq!

Bir ata övladından el oğluna döndünüz,
Kim deyər ki, öldünüz, kim deyər ki, söndünüz?!
Gələcək nəsillərə yetəcəkdir ününüz.
Siz bu gün də, sabah da, əsrlərlə sağsınız,
Bu yurdun sinəsində vüqarsınız, dağsınız!

Siz yazdınız millətin tarixini qan ilə,
Sinənizdə yurd saldı yurda atılan güllə.
Məzarınız tutulur min çiçəyə, min gülə,
Tərsiniz çiçək kimi, həmişə baharsınız!
Azərbaycan köksündə əbədi yaşarsınız!

Şəhidlər

Müəllif: Dursun Musayeva 

Bu vətən, bu torpaq mənimdi deyib
Üstündə vüqarla gəzdi şəhidlər.
Əyninə qanından bir köynək geyib
Düşmənin yolunu kəsdi Şəhidlər.

Təki vətənimiz düşməsin dara
Baxmayıb soyuğa, borana, qara
Cavab vermək üçün o azğınlara
Hər bir çətinliyə dözdü Şəhidlər.

Arzusu göylərə, yerə sığmayan
Araza sığmayan, Kürə sığmayan
Nağıla, dastana, şerə sığmayan
Ən ali, müqəddəs sözdü Şəhidlər.

Torpaq götürməsin bu qanı, qardaş. 
Gözləriniz yoxdu torpaq tökülə
Telləriniz yoxdu sığal çəkilə
Cəsədiniz yoxdu kəfən bükülə

Biz necə oxşayaq yaranı, qardaş,
Torpaq götürməsin bu qanı, qardaş. 
Əliniz ümiddən qopmayıb hələ
Qanınız torpağa hopmayıb hələ

“Sevirəm” kəlməsi tapmayıb hələ
Qəfil güllə tapdı sevdanı, qardaş,
Torpaq götürməsin bu qanı, qardaş. 
Bəlkə ana, bacı kitiyə, dönə

Yandıqca bir yanar körüyə dönə
Bu yoldan çətin ki, geriyə dönə
Vətən çətin dönüb usanır, qardaş,
Torpaq götürməsin bu qanı, qardaş

Ağla, qərənfil, ağla!

Müəllif: Məmməd Aslan

Sinələr güllə-güllə,
Qan axır, dönür gülə.
Qərənfillər ağlayır,
Düşmənə gülə-gülə.
Ağla, qərənfil, ağla!

Qərənfillər qoşadı,
İkisi baş-başadı.
Sizdən qalan günləri
Qərənfillər yaşadı.
Ağla, qərənfil, ağla!

Qərənfil – şəhid qanı,
Ağla, qərənfil, ağla!
Ağla, inlət meydanı,
Ağla, qərənfil, ağla!

Cavanlara qıydılar,
Tanklar altda qoydular.
Qanın içib doydular,
Ağla, qərənfil, ağla!

Hər şəhidə bir düzüm,
Abşeron – qan dənizim.
Sən – mənim ağlar gözüm,
Ağla, qərənfil, ağla!

Uzaq mənzil, acı yol,
Yoldu, yol, əlacı yol!
Şəhidlərə bacı ol;
Ağla, qərənfil, ağla!

Kərbəla – qan çöllərə,
Puç olan qönçələrə,
Nazənin incilərə
Ağla, qərənfil, ağla!

Bəxti asılan qıza,
Hünəri aslan qıza,
Toyu yas olan qıza
Ağla, qərənfil, ağla!

Ağla, ürək boşalsın,
Ünün göyə baş alsın.
Ağla, dağlar yumşalsın,
Ağla, qərənfil, ağla!

Bu təklənmiş şirlərə,
Bu arxasız ərlərə,
Bu talesiz nərlərə
Ağla, qərənfil, ağla!

Bu günahsız qanlara,
Bu didilmiş canlara,
Bu cansız cavanlara
Ağla, qərənfil, ağla!

Bu bədənsiz qollara,
Bu uçunan yollara,
Bu yiyəsiz qullara
Ağla, qərənfil, ağla!

Bu səngiməz ağrıya,
Bu qan sızan sarğıya,
Bu Allahsız qurğuya
Ağla, qərənfil, ağla!

Bu qara yazılara,
Bu körpə quzulara,
Quruyan arzulara
Ağla, qərənfil, ağla!

Xeyrə şər üstün gəldi,
İniltili ün gəldi…
Ağlamalı gün gəldi,
Ağla, qərənfil, ağla!

ana

 Ana haqqında şeirlər

Ana hədiyyəsi

Müəllif: Bəxtiyar Vahabzadə

Anam namaz üstə əl açıb göyə
Allaha yalvarır “ya rəbbim! – deyə:
– Sənsən xəlq eliyən göyləri, yeri,
Candan şirin olur bala, ay Allah.
Sən mənim ömrümdən kəsib illəri,
Balamın ömrünə cala, ay Allah!
Bu nədir? Arzuya, diləyə bir bax,
Gör bir nələr keçir ana qəlbindən?
Çoxdur bu dünyada hədiyyə… ancaq
Ömürdən hədiyyə görməmişəm mən.

İstərəm, bir ana, bir bala sözü
Lüğətdə sözlərin önündə gedə.
Uca olduğundan ananın özü
Ucadır, böyükdür hədiyyəsi də.

Çoxdur hədiyyələr insan adına:
Qiymətli ziynətlər, qiymətli daşlar.
Ana həyat verir öz övladına,
Həm də öz ömründən ömür bağışlar.

Ana

Müəllif: Əli Kərim

Demirəm göy kimi ucadır adın,
Yox, yox alçalmasın söhbətin, sözün.
Sən ki yaranışdan oxşar olmadın,
Ancaq özün kimi böyüksən özün.

Əyilib alnından öpəndə hərdən
Könül dodağıma bir də öp, – deyir.
Ağarmış saçına əl vuranda mən
Əlim Şah dağının başına dəyir,

Mən səni bağrıma basanda bərk-bərk,
Gör nələr düşünüb, nələr duyuram!
Elə bil Göyçaydan Kamçatkayadək
Vətən torpağını qucaqlayıram.

Qaytar ana borcunu

Müəllif: Əli Kərim

Bir gözəl, bir sevimli oğul böyütdü ana.
O bəd, uğursuz günü – ərinin öldüyünü
Bildirmədi heç ona.

Kədəri dalğa-dalğa doldusa da ürəyə
Lakin nə saç yolaraq verdi əsən küləyə,
Nə şivən etdi ana.

Ürəyində ağlayıb, gülmək öyrətdi ona,
Dözərək davanın da dərdinə, bəlasına,
Öz boğazından kəsib yedirdi balasına…

Bir oğul böyütdü ki, gur, çatmaqaş, gensinə.
Bir oğul böyütdü ki, oğul deyirəm sənə:

Atlını atdan salıb küləklərlə ötüşür.
Baxışından qızların ürəyinə od düşür.

Bir oğul böyütdü ki, oğul məktəb bitirdi,
Oğul instituta qızıl medalla girdi.

Ana fikirləşdi ki: “Gör neçə aya getdi?!”
Ana yuxularında tez-tez Bakıya getdi,

Ana məktub yazdı ki: “Yanıltma gümanımı,
Pul nədir, pul deyirsən, göndərərəm canımı”.

Nə zaman ki oğlunun getdiyi dörd il oldu,
Məktubları kəsildi, gəlmədi tətil oldu,

Ananı fikir aldı, ananın əsdi dizi
Ana müqəssir etdi, tramvayı, dənizi.

O yenə dözdü, durdu… O yolmadı saçını,
Səslədi qonşuları Əsmər, Çiçək bacını.

Yenə də azalmadı ürəkdən bala dərdi
Onlar oğul vermədi, onlar təsəlli verdi.

Məktub məktub dalınca axdı, Bakıya axdı,
Ana da məktubların dalınca baxdı, baxdı…

Məktublarsa Bakını dolandı, gəzdi, gəldi,
Məktublar əzik-üzük, məktublar bezdi gəldi,

Ana yenə də baxdı gah dolama yollara,
Gah da oğul boyuna həsrət qalan qollara.

Ana oğul böyütdü gur, çatmaqaş, gensinə,
Ana oğul böyütdü, özgəyə qismət oldu.
Ana fikirləşdi ki, mən neyləmişəm sənə?
Bu nə oğulluq oldu, bu nə məhəbbət oldu?

Oğul böyütdümü o büzmədodaq bir qıza?
Oğul böyütdümü o min işvəyə, min naza?

Ana bilsəydi əgər böyütməzdi oğlunu,
Yox, bunu yandım dedim, yenə atmazdı onu.
Bir gözəl, bir sevimli oğul böyütdü ana,
Ürəyində ağlayıb gülmək öyrətdi ona.

Oğul! Nədir etdiyin bəs bu haq-say üçün?
Qaytar onun ömrünə neçə gecə, neçə gün!

Qaytar onun saçının qaralığını geri.
Qaytar o dilindəki şirin-şirin sözləri!

O sözü, o söhbəti gülüşü anan verib,
Ana dodaqlarından bala dodaqlarına.
İndi ondan gen gəzən oğul, ayaqlarına
Yerişi anan verib.

Qaytarsan o sözləri, sözsüz bir lal olarsan,
Qaytarsan o yerişi, yerindəcə qalarsan.

Qaytarsan o gülüşü hırıldamazsan daha
Qaytar, qaytar onları, qaytar qoyma sabaha!

Sən ki dərd verdin, oğul, sənə gülüş verənə.
Oğul demərəm sənə!

Deyirəm ki, o boyu, buxunu qaytar geri!
Deyirəm ki, varını, yoxunu qaytar geri!
Qaytar onun borcunu,
Gülüşünü, adını, sözünü qaytar geri!
Qaytar ana borcunu,
O borc sənin özünsən, özünü qaytar geri!

Ana

Müəllif: Cəfər Cabbarlı

Əgər bütün bəşəriyyət ədüvvi-canım ola,
Ürək süqut eləməz aldığı mətanətdən.
Ricavü xəvfə məkan vermərəm gər alimlər
Min il də vəz edələr dəhşəti-qiyamətdən.

Pələnglər tuta dövrüm, çəkinmərəm haşa,
Və ya ki, vəd edələr dövləti-cahanı mənə
Ki, bir kəsə baş əyib əczimi bəyan eləyim,
Əyilmərəm nə ki yer, versələr səmanı genə.

Yanımda gər dura cəllad əlində şəmşiri,
Ölüm gücilə mənə hökm edə olum təslim,
Əyilmərəm yenə haşa! Ölüm nədir ki, onun
Gücilə xalqa həqiranə eyləyim təzim?

Cahanda yox elə bir qüvvə baş əyim ona mən,
Fəqət nə güclü, zəif bir vücud var, yahu,
Ki, hazıram yıxılıb xaki-payinə hər gün,
Öpüm ayağını əcz ilə, kimdir o? Nədir o?

Ana! Ana!.. o adın qarşısında bir qul tək
Həmişə səcdədə olmaq mənə fəxarətdir;
Onun əliylə bəla bəhrinə yuvarlansam,
Genə xəyal edərəm bəzmi-istirahətdir.

Əs, ey külək, bağır, ey bəhri-biaman, ləpələn!
Atıl cahana sən, ey ildırım, alış, parla!
Dayanma, taqi-səmavi, gurulda, çatla, dağıl!
Sən, ey günəş, yağışın yağdır, ey bulud, ağla!

Mənə əsər eylərmi bu? Mütləqa yox! Yox!- Yox!!!
Fəqət Ana! O müqəddəs adın qabağında.
O pak bağrına bassın məni, desin layla,
Təbəssüm oynadaraq titrəyən dodağında.

Bütün vücudum əsər, ruhum eyləyər pərvaz,
Uçar səmalara hər aləmi-xəyalətdə.
Yatar, ölər bədənim, nitqdən düşər bir söz:
-Ana… Ana… Sənə mən rahibəm itaətdə!..

Aman… Aman!… Bu müqəddəs vücudu mümkünmü
Ki, bir taqım canavar zülmnən şikar eləsin?!
Yıxıb da xaki-rəzalətdə, tapdayıb əzərək,
Ayaqlar altına torpaq kibi nisar eləsin ?!

Zəlilü-xar edərək məhbəsi-əsarətdə,
O şanlı qollarına zülminən vurar zəncir.
Niyə? Neçin? Hanı vicdan? Hanı ədalət bəs?
Neçin də parlayıb etməz cahanı bir tənvir?

Aləmi, ədl-ədalət üzüldü dünyadən,
Neçin nəsibim edibsən bu zülm-dövranı.
Ey asiman, dağıl, ey zöhrələr axın, tökülün,
Ki, aləmi-bəşəriyyət unutdu vicdanı.

Ana

Müəllif: Mikayıl Müşfiq

Ana dedim, ürəyimə yanar odlar saçıldı, 
Ana dedim, bir ürpəriş hasil oldu canımda,
Ana dedim, qarşımda bir gözəl səhnə açıldı,
Ana dedim, fəqət onu görməz oldum yanımda.

Ana, ana!.. Bu kəlmənin vurğunuyam əzəldən,
Onu gözəl anlatamaz düşündüyüm satırlar.
Ana olmaz bizə hər bir “yavrum” deyən gözəldən,
Çünki onun xilqətində ayrıca bir füsun var.

Başqa aləm yaşamadım böylə gözəl biçimdə,
Onu kimsə gözəlliyin çilvəsində yaratmış;
Ana, ana… çiçəkli bir fidandır ki, içimdə
Ta əzəldən kök salaraq, ürəyimdə boy atmış.

O fidanı bəzi faqıt istiyorum çəkərək,
Qoparayım ürəyimdən, fəqət onda varlığım
Sızıldarkən, sanki bir səs qopub incə və titrək
Bir lisanla söylüyor ki:- Mənə dəymə, yazığım!

Çünki səni mən bəslədim, mən böyütdüm, oxşadım,
Söylədiyin sözlər ki var beşiyinin üstündə
Oxuduğum türkülərin kölgəsidir, övladım!
Mənə məxsus vərəqlər var hər kitabda, hər dində.

Nə doğru söz yazıqlar ki, görməmişəm onu mən,
Diyorlar ki, Müşfiq, xəstə bir tifildin, ananı
Baban kimi soyuq əllər qucağına çəkərkən,
Yalnız acı fəğanların titrədirdi hər yanı.

İndi mənə hər kəs:- Anan, baban varmı?- söyləsə,
Diyorum ki, — qapılmadan bir xülyaya, bir hissə-
Olan olmuş, keçən keçmiş, indi məni yaşadan
Bir müqəddəs, bir səmimi əməlim var, tapdığım.

İnandığım bir qiblə var, o da hər gün, hər zaman
Yorulmayan qollarımla, düşünərək yapdığım
Bir aləmdir, bir aləm ki, səmaları qıpqızıl,
Yüksəkləri, alçaqları, fəzaları qıpqızıl!

Ana

Ana, hər baxışında bir məna gördüm
Nədir gözlərində bu niskil ana?
Söylə gözlərinin sirrini mənə
Mənalı gözlərinə qurbanam ana.

Ömrünü sən bizlərə həsr etdin
Nələr çəkdin, nə dərdlər gördün
Hər dərdi o kövrək qəlbinə gömdün
O kövrək qəlbinə qurbanam ana.

Sanki həyatda üzün gülməyib
Bu həyat sənə çoxmu dərd verib?
Hər gülən çöhrəndə sanki kədər var
Kədərli çöhrənə qurbanam ana.

Həyatda ən böyük dayağım oldun.
Sən mənim ən böyük varlığım oldun
Yaşamaq ümidim, istəyim oldun
Aldığın nəfəsə qubanam ana.

Sən yaşarsan mən də səninlə yaşaram
Bilki bu həyatda sənin üçün varam
Sən mənim həyatda idealımsan
Sənin gözəlliyinə qurbanam ana.

Bəlkə də mən səni çox incitmişəm
Ağrılı-acılı günlər görmüsən
Tək ümidim var, o da ki, sənsən
Sənə ehtiyacım var bu gün də ana.

Hər arzuma, istəyimə­ yetirdin
Öz ömrünü sən mənə həsr edirdin
De necə qaytarım borcunu ana?
Qayğılı gününə qurbanam ana.

Ana

Doğulub dünyaya gəldim elə ki,
Çıxdı rahatlığın əlindən ana.
Gecələr yatmayıb laylamı dedin,
Of sözü duymadım dilindən ana.

Doqquz ay bətnində bəslədin məni,
Mən sənə nə etdim bilmirəm ana.
İndi göz yaşlarım süzür yanağa,
Yanaqda quruyur silmirəm ana.

Uşaqkən qədrini bilmirdim sənin,
Öpməzdim ağarmış telindən ana.
İndi can üstəsən nə mənası var,
Yüz kərə öpsəm də əlindən ana.

Qəlbinə toxundum yenə can dedin,
Bir ömür xətrimə dəymədin ana.
Halal zəhmətinlə böyütdün məni,
Heç kimə sən boyun əymədin ana.

Yaxşı əməlinlə abidə qurdun,
Hər kəsin qəlbində ucaldın ana.
O qədər dərdimi, cəfamı çəkdin,
Gözümün önündə qocaldın ana.

Ömrünü caladın mənim ömrümə,
Özünü mən qədər sevmədin ana.
Özün öz canından pay verdin mənə,
Ruhumda sən varsan ölmədin ana.

Adın müqəddəsdir adına qurban
Bəzəmək nə lazım naxışla ana.
Əvəzin yox imiş gec anlamışam,
Haqqını halal et bağışla ana.

Ana qədri

Müəllif: Səyyarə Əliyeva

Balaca olanda saxlayıb bizi
İndi də çox bilir o qədrimizi
Biz də gərək onun qədrini bilək
Onu qəlbimizin içi tək sevək.

Ananın qədrini bilməmək olmaz
Onu heç vaxt, heç zaman incitmək olmaz
Ananı sevməyən namərddir namərd
Anaları sevək göz bəbəyi tək.

Qocalma, Ana

Müəllif: Nailə Şahverdiyeva

İl üstə il gəlir, ötür ömürdən,
Qocalırsan əziz Ana, can Ana. 
Üzündə iz qoyur yorğunluq, kədər, 
Qocalma, qocalma mehriban Ana.

Sən dayaq olmusan həmişə mənə,
Həmişə ehtiyac duymuşam sənə.
İstərəm sinənə baş qoyum yenə
Unudum hər şeyi mən o an, Ana.

Yenidən yaz gəlir, açılır güllər,
Hər səhər oxuyur bağda bülbüllər.
İllərin dalınca qoy ötsün illər.
Bircə sən qocalma heç zaman, Ana

Anadan müqəddəs varmı dünyada?

Gəzsən bu dünyanın hər qarışını,
İzləsən çiskinli qar yağışını, 
Sevsən baharını, sevsən qışını – 
Anadan müqəddəs varmı dünyada?

Odur gözlərində şəfəq dolduğum, 
Çox vaxtı küsdürüb, çox vaxt yorduğum.
Cavab ver sözümə qurban olduğum – 
Anadan müqəddəs varmı dünyada? 

Həyatda min cürə gəlin, qız, sona, 
Hamısı birlikdə qurbandı ona. 
Ruhu tanrı verir, canı da ana – 
Anadan müqəddəs varmı dünyada? 

Quran ayəsidi onun hər sözü, 
Evin çırağıdır o şəfəq gözü. 
Onu əziz tutub peyğəmbər özü – 
Anadan müqəddəs varmı dünyada? 

Hər anı fikirlə yüklənir başı,
Onunçün fərqi yox övladın yaşı.
Çox şirin olsa da ömür yoldaşı – 
Anadan müqəddəs varmı dünyada? 

Dünyadı ən böyük sehir də, sirr də 
Neçə min məlum var bir kiçik sirdə. 
Bir başı papaqlı atadan, bir də 
Anadan müqəddəs varmı dünyada? 

Uduzmazsan əməl etsən sözünə, 
Bir günəş görərsən baxsan gözünə. 
Heç zaman ağ olma ana üzünə – 
Anadan müqəddəs varmı dünyada?

Övladın hər səhvi onu yaralar, 
Saçı bəyaz olar gözü qaralar. 
Göydə yaradandı, yerdə analar, 
Anadan müqəddəs varmı dünyada? 

Məhəbbət eşqiylə coşur, çağlayır, 
Qəlbinə dünyanı çəkib bağlayır. 
Çalışıb könlün al, görsən ağlayır – 
Anadan müqəddəs varmı dünyada?

ANA

Övlad üçün yandın dönərək şama,
Tanrıdan bizi pay alan can Ana!
Sevginlə ucalıb ali məqama
Qəlbimdə əbədi qalıbsan, Ana!

Övladçün ağartdın saçını dən-dən,
Yer üzündə varmı müqəddəs səndən?!
Gecələr doyunca yatmasan da sən,
Bizə şirin layla çalıbsan, Ana!

Uca Tanrımızdan ümid kəsməyib,
Duanla hər zaman Onu səsləyib,
Qəlbində nə qədər arzu bəsləyib
Şirin xəyallara dalıbsan, Ana!

Südünlə almışıq əvəzsiz şəfa,
Nəvazişlərinsə İlahi səfa!
Bala üçün çəkib nə qədər cəfa,
Ömrü belə yola salıbsan, Ana!

Responses

  1. gözəl şerdir

  2. çox yaxsidirr

  3. məncə superdi

  4. ANA

    Övlad üçün yandın dönərək şama,
    Tanrıdan bizi pay alan can Ana!
    Sevginlə ucalıb ali məqama
    Qəlbimdə əbədi qalıbsan, Ana!

    Övladçün ağartdın saçını dən-dən,
    Yer üzündə varmı müqəddəs səndən?!
    Gecələr doyunca yatmasan da sən,
    Bizə şirin layla çalıbsan, Ana!

    Uca Tanrımızdan ümid kəsməyib,
    Duanla hər zaman Onu səsləyib,
    Qəlbində nə qədər arzu bəsləyib
    Şirin xəyallara dalıbsan, Ana!

    Südünlə almışıq əvəzsiz şəfa,
    Nəvazişlərinsə İlahi səfa!
    Bala üçün çəkib nə qədər cəfa,
    Ömrü belə yola salıbsan, Ana!

  5. çox gözəldi

  6. super səhifədir. Təşəkkürlər Gülşən xanım.

  7. Salam, burada nə gözəl şeirlər toplanıb! Əməyi olan hər kəsə minnətdarıq.

  8. superdi halaldi

  9. ƏLA

  10. Əlaaaaaaaaaaaaaaaaaaaaaaaa çox gözəl

  11. əhsən deyirəm basqada bir sey demirem

  12. GOel seirlerdi bezilerinde yanliwlar var ama…

  13. cox gozel seirlerdir

  14. BURDA NEDEN TABIAT HAKKINDA SIIR YOK?? NEDEN??

  15. Əla!Çox xoşuma gəldi demək olar ki,bütün şeirlər burdadır:)
    Çox təşəkkür edirəm bu şeirləri yazanlara…

  16. ƏLADIR ƏLA……SUPER……ÇOX GÖZƏL………

  17. yazana halaldi


Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: